11-HA-111: Hacı Əliyevin hədiyyəsi imiş

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevə 11-HA-111 avtomobil nömrəsini hədiyyə edib.
90plus.az xəbər verir ki, Əliyev həmin dövlət nömrə nişanını hazırda idarə etdiyi nəqliyyat vasitəsində istifadə edir:
"Bakı-2015 I Avropa Oyunlarından sonra bir neçə idmançımız bu nömrə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdi. Bir çoxlarına da belə nömrələr hədiyyə olunmuşdu. Amma özüm getməmişdim. Düşünürdüm ki, yəqin, nə vaxtsa mənə də hədiyyə olunar. Elə alındı ki, bir neçə il öncə cənab general Ramiz Zeynalovun qəbulunda oldum, məni gözəl qarşıladı. Gözəl də dialoqumuz oldu. Düşünmürdüm ki, mənim haqqımda belə məlumatlı, idmana bu qədər həvəsli olsun. Biz orada bir saata yaxın yalnız idmandan danışdıq. Gördüm ki, Ramiz müəllim idmana həvəsli, məlumatlıdır. Bu gün elə vəzifəli şəxslər var ki, idman ona maraqlı deyil, həmin insanların tam fərqli düşüncəsi var. Amma Ramiz müəllimin idmanla yaxından maraqlanması məni sevindirdi. Orada bir epizod oldu: 2018-ci ildə Rusiyanın Mahaçqala şəhərində Avropa çempionu olduğum görüşdə 2:7 hesabı ilə geridə olduğum halda, nəticəni öz xeyrimə dəyişmişdim. Ramiz müəllim həmin görüşdən də danışdı. Gördüm ki, doğrudan da idmana nə dərəcədə həvəslidir".
Beyləqan seriyalı nömrəni seçmə səbəbindən: "Bu nömrə Beyləqan rayon seriyalı olsa da, özüm 1 rəqəmini xoşlayıram. Çox adam məni görəndə soruşur ki, beyləqanlısan? (gülür - red.)".
Mənbə: Teleqraf
© Copyright 2025, All Rights Reserved