24 yaşında futboldan getdi
“Peterboro” klubunun sabiq müdafiəçisi Oskar Vallin 24 yaşında karyerasını başa vurdu.
90plus.az xəbər verir ki, isveçli Oskar Vallin bu qərarını İsveç mətbuatına – Sundsvalls Tidning qəzetinə verdiyi açıqlamada rəsmən elan edib. Vallinin karyerasını bitirməsi “Peterboro” ilə müqaviləsinin iki ay əvvəl qarşılıqlı razılıq əsasında ləğv olunmasından sonra baş verib.
Mərkəz müdafiəçisi İngiltərə klubunun heyətində ümumilikdə 45 oyunda meydana çıxıb. Vallin ötən mövsüm "EFL Trophy" finalında “Birmingem Siti”yə qarşı “Uembli”də qazanılan qələbədə də iştirak edib.
Futbolçu qərarını belə izah edib:
“Artıq istək qalmayıb. Texniki baxımdan futbola qayıda bilərəm, amma hazırda buna heç bir həvəsim yoxdur. İsveçdə oynamaq da maraqlı deyil. Futbol oynadığım üçün son 15 ildə qurban verdiyim və ya diqqətdən kənarda qoyduğum işlərlə məşğul olmaq istəyirəm. Ona görə də futbolu dayandırdım.”
Vallin əlavə edib ki, futbolda heç vaxt uzunmüddətli planları olmayıb:
“Hadisələrin axarı ilə irəliləmişəm, amma uzun müddətdir bilirdim ki, 35 yaşa qədər oynamayacağam. İndi 24 yaşımda dayandım, amma bu, eyni dərəcədə 27-də də, 22-də də ola bilərdi.”
© Copyright 2025, All Rights Reserved