AFFA “Neftçi”ni 9700 manat cəriməyə saldı

AFFA İntizam Komitəsi 8-ci turun qərarlarını açıqladı — bir neçə klub cərimələndi.
90plus.az xəbər verir ki, AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasının məlumatına görə, iclasda Misli Premyer Liqasının 8-ci turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu “Kəpəz”lə oyunda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb və 3 oyunluq cəza ilə üzləşib. Klub bu hadisəyə görə 3000 manat cərimə edilib. Həmçinin hər iki komandanın geyim formasında yaranan uyğunsuzluq səbəbindən matçın gec başlamasına görə “Şamaxı” və “Kəpəz” hərəsi 1500 manat ödəyəcək. Bundan başqa, “Kəpəz” oyun zamanı 4 futbolçusunun sarı vərəqə alması səbəbindən əlavə 700 manat cərimələnib.
“Qəbələ” – “İmişli” görüşündə 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün Qəbələ təmsilçisi 700 manat ödəyəcək.
“Sumqayıt” – “Karvan-Yevlax” matçında qonaq komandanın meydançaya gec çıxması səbəbindən oyun gec başladığı üçün “Karvan-Yevlax” 3000 manat cərimə alıb.
Ən ağır cəza isə “Neftçi”yə verilib. “Araz-Naxçıvan”la oyunda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat, azarkeşlərinin rəqib və hakimlərə ünvanladığı təhqiramiz ifadələrə görə 6000 manat (bu hal mövsümdə ikinci dəfə baş verdiyi üçün), həmçinin rəqib futbolçulara qarşı irqi ayrı-seçkilik ehtiva edən ifadələrə görə daha 3000 manat olmaqla, ümumilikdə 9700 manat cərimə tətbiq olunub.
© Copyright 2025, All Rights Reserved