“Al İttihad”ın əsas namizədi Yurgen Kloppdur

“Al İttihad”ın baş məşqçi siyahısında Klopp ilk sıradadır.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Al İttihad” yeni baş məşqçi axtarışına başlayıb və alman mütəxəssis "Liverpul”un sabiq çalışdırıcısı Yurgen Klopp siyahının önündə yer alır. Klub fransalı baş məşqçi Loran Blanı ardıcıl uğursuz nəticələrdən sonra vəzifəsindən kənarlaşdırıb.
Hazırda Klopp “Red Bull” futbol layihəsinin qlobal rəhbəri kimi fəaliyyət göstərir və Almaniyada “Leypsiq”, ABŞ-da “Nyu-York Red Bulls”, Avstriyada isə “Zalsburq” klublarına nəzarət edir. Məlumata görə, “Al İttihad” rəhbərliyi onun təcrübəsini və nailiyyətlərini əsas komandanı yenidən sabit və iddialı hala gətirmək üçün vacib üstünlük hesab edir.
Mümkün namizədlər arasında ispaniyalılar Xavi Ernandes və Unay Emeri, italiyalı Luçano Spaletti, eləcə də portuqaliyalı Serjyu Konseysau da var. Lakin əsas favorit kimi məhz Klopp göstərilir.
Səudiyyə Ərəbistanı klubu tezliklə qərarını rəsmiləşdirməyi və komandanı həm daxili, həm də qitə yarışlarına hazırlamağı planlaşdırır.
Xatırlatma: Blan 2024-cü ilin iyulundan “Al İttihad”ı çalışdırırdı. O, ötən mövsüm komandaya həm çempionluq, həm də kubok qazandırsa da, yeni mövsümdə, o cümlədən Asiay Çempionlar Liqasındakı məğlubiyyət və çempionatdakı zəif start səbəbindən postunu itirib.
© Copyright 2025, All Rights Reserved