Alonso: “Viniyə qarşı epizod penalti idi”
Xabi Alonso: “Viniyə qarşı epizod 100%-lik penalti idi”.
90plus.az xəbər verir ki, La Liqanın növbəti turunda “Real Madrid” səfərdə “Alaves” üzərində 2:1 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra madridlilərin baş məşqçisi Xabi Alonso oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Alonso görüşün bəzi mübahisəli məqamlarına toxunaraq Vinisius Juniora qarşı epizod barədə narazılığını gizlətməyib:
“Viniyə qarşı oyunda baş verən epizod 100%-lik penalti idi, amma bu məni təəccübləndirmir”.
Baş məşqçi debüt edən futbolçunun çıxışını da xüsusi qeyd edib:
“Valdenin debütünü təbrik etmək istəyirəm, o, çox yaxşı oynadı”.
Vinisiusla münasibətləri ətrafında yaranan söz-söhbətlərə də aydınlıq gətirən Alonso bunları deyib:
“Vini ilə qucaqlaşma? Biz soyunub-geyinmə otağında çox yaxın münasibətindəyik. Bütün səs-küy xaricdən gəlir. İçəridə hər şey qaydasındadır”.
Rəqibin oyun üslubunu dəyərləndirən mütəxəssis səfər qələbəsinin asan başa gəlmədiyini vurğulayıb:
“Alaves” sürətli və intensiv tempdə oynayır. Onların bir çox oyununu izləmişdik; burada qalib gəlmək asan deyildi. Əlbəttə, daha çox sabitliyə ehtiyacımız var, amma bütün 90 dəqiqə ərzində oyunu idarə etmək olduqca çətindir. Bu gün qalib gəlmək üçün gəlmişdik və üç xalla ayrılırıq”.
Mövsümün qalan hissəsi barədə danışan Alonso səbrli olmağın vacibliyini bildirib:
“Hamımız eyni qayıqdayıq. Bilirik ki, yalnız bir oyun hadisələrin gedişatını dəyişmək üçün kifayət deyil. Qarşıda Kubok oyunu və “Sevilya” ilə evdə son qarşılaşma var. Yol uzundur və bu gün əldə etdiyimiz müsbət nəticələrə əsaslanmalıyıq”.
Qeyd: “Alaves” səfərində qazanılan bu qələbə Xabi Alonsonun postunu qoruması baxımından böyük əhəmiyyət daşıyıb. Matçdan əvvəl daha bir məğlubiyyət halında klub rəhbərliyinin ispan mütəxəssislə yolları ayıra biləcəyi iddia olunurdu. Eyni zamanda bu nəticə “Real Madrid”in lider “Barselona” ilə xal fərqinin artmasına da imkan verməyib.