“Arsenal” 122 il əvvəlki rekordu təkrarladı
“Arsenal” klubu 122 il sonra tarixi rekordu təkrarlayıb — londonlular ardıcıl səkkizinci oyunda qapısından top buraxmayıb.
90plus.az xəbər verir ki, bu hadisə dünən keçirilən Çempionlar Liqasının “Slaviya” (Praqa) ilə matçında baş verib. Görüş “topçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Bukayo Saka və iki dəfə Mikel Merino vurublar.
Bundan öncə Mikel Artetanın komandası “Börnli” (2:0), “Brayton” (2:0), “Kristal Pelas” (1:0), “Atletiko” (4:0), “Fulhem” (1:0), “Vest Hem” (2:0) və “Olimpiakos”u (2:0) məğlub etmişdi.
Komandanın son buraxdığı qol sentyabrın 28-də, səfərdə “Nyukasl” üzərində 2:1 hesablı qələbə zamanı qeydə alınıb. Həmin matçda “maqpays”ın yayda transfer etdiyi Nik Foltemade fərqlənmişdi.
Növbəti turda turnir cədvəlinin lideri olan “Arsenal” dördüncü pillədə qərarlaşan “Sanderlend”lə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved