“Arsenal” Çempionlar Liqası matçına onsuz çıxacaq
                            
                            “Arsenal”ın hücumçusu Viktor Gyökereş bu gün Çempionlar Liqasının “Slaviya Praqa” ilə oyununda iştirak etməyəcək.
90plus.az xəbər verir ki, isveçli forvard Çexiya paytaxtındakı qarşılaşmadan əvvəlki son məşqi buraxıb.
Gyökereş Premyer Liqada ardıcıl 5 oyun qol vurmadıqdan sonra şənbə günü “Börnli” üzərində qazanılan 2-0-lıq qələbədə çempionatda 4-cü qolunu vurmuşdu. Lakin o, ilk hissədən sonra əzələ narahatlığı səbəbi ilə oyunu davam etdirə bilməyib. Baş məşqçi Mikel Arteta onun “əzələ ilə bağlı bir şey hiss etdiyini” deyib və bundan sonra keçən mövsümdəki kimi yarımmüdafiəçi Mikel Merinonu saxta “9 nömrə” kimi istifadə edib. Kai Haverts və Qabriel Jesus hələ də zədəlidir və buna görə də Merinonun “Slaviya”ya qarşı start heyətdə olacağı gözlənilir.
Arteta Gyökereşin uzun müddət kənarda qalmayacağını da bildirib və bunun “kiçik problem” olduğunu deyib.
Baş məşqçi hücumçunun “Börnli”yə qarşı yalnız 45 dəqiqə oynaya bilməsini təəssüf hissi ilə qeyd edib və həmin matçı Gyökereşin “Arsenal” formasında ən yaxşı oyunlarından biri kimi dəyərləndirib:
“Düşünürəm ki, bu onun ən yaxşı oyunlarından biri idi. Ümumilikdə performansı əla idi. Pressinqi, mövqeyi, toxunuşları, arxaya qaçışları, epizodları bir hücumdan keçid hücumuna çevirməsi… hər şey. O, çox yaxşı formada idi.”
27 yaşlı hücumçunu tənqid edənlər hesab edir ki, Gyökereş hələ böyük matçlarda yüksək transfer qiymətini doğrultmayıb. Çünki onun Premyer Liqada vurduğu 4 qolun hamısı zəif müdafiəyə sahib komandalara — “Lids”, “Nottingem Forest” və “Bernli”yə qarşı olub. Daha güclü rəqiblərə qarşı isə o, qolsuz keçirir.
Bununla belə, Gyökereş Çempionlar Liqasında “Atletiko Madrid”ə qarşı 4:0 hesablı qələbədə iki dəfə fərqlənmişdi. Bəzən xaricdən transfer olunan hücumçular fərqli oyun tərzi səbəbi ilə avrokuboklarda daha yaxşı çıxış edir. Bu hal ötən mövsüm “Mançester Yunayted”də Rasmus Hoylund nümunəsində də müşahidə olunmuşdu.
Qeyd: "Slaviya" - "Arsenal" matçı bu gün saat 21:45-də baş tutacaq.