Arteta seksual hücum ittihamlı Tomas Parteydən danışdı
Mikel Arteta bildirib ki, o, “100% əmindir” ki, “Arsenal” Tomas Parteyin klubdakı fəaliyyəti dövründə bütün prosedurlara düzgün şəkildə əməl edib. Bu açıqlama yarımmüdafiəçinin beş zorlamada və bir seksual hücumda ittiham olunmasından sonra səsləndirilib.
90plus.az xəbər verir ki, Partey bu ayın əvvəlində müqaviləsi başa çatdığı üçün “Arsenal”dan ayrılıb. Onun rəsmi şəkildə ittiham olunması isə bundan cəmi dörd gün sonra baş verib.
İddialar 2021–2022-ci illər arasında baş vermiş hadisələrlə bağlıdır və üç qadının ifadəsinə əsaslanır. Partey isə irəli sürülən bütün ittihamları inkar edir.
O, ilk dəfə 2022-ci ilin iyulunda zorlamada şübhəli bilinərək Metropoliten Polisi tərəfindən saxlanılıb və istintaq başlanıb. İş 2024-cü ilin dekabrında Tac Prokurorluğuna (Crown Prosecution Service) ötürülüb. Bu müddət ərzində Partey “Arsenal”da oynamağa davam edib. Hətta Arteta 2025-ci ilin mayında klubun qanalı futbolçuya yeni müqavilə təklif etmək istədiyini də bildirmişdi.
İttihamlar təsdiqləndikdən sonra “Arsenal” rəsmi açıqlama yayıb:
“Futbolçunun müqaviləsi iyunun 30-da başa çatıb. Hazırda məhkəmə prosesi davam etdiyi üçün bu məsələ ilə bağlı klub şərh verə bilməz.”
Hazırda “Arsenal” Asiya yay hazırlıq turuna Sinqapurda start verib. Artetaya Parteyin ittihamları ilə bağlı reaksiyası soruşulduqda belə cavab verib:
“Klub bu barədə bəyanatında çox aydın şəkildə danışıb. Burada çoxsaylı hüquqi məsələlər var və mən bu barədə açıqlama verə bilmərəm.”
Daha sonra klubun bu işlə bağlı düzgün davranıb-davranmadığı sualına isə qəti şəkildə cavab verib: "100% əminəm".
© Copyright 2025, All Rights Reserved