"Aston Villa"nın hücumçusu “Roma”ya keçməyə hazırdır
Niderlandlı hücumçu Doniyell Malen “Aston Villa”dan “Roma”ya icarə əsasında keçməyə yaxındır. Razılaşma artıq tam şəkildə əldə olunub və futbolçu bu gün İtaliyanın paytaxtına yollanmaq üçün icazə alıb.
90plus.az xəbər verir ki, müqaviləyə əsasən, “Roma” “Aston Villa”ya 2 milyon funt sterlinq icarə haqqı ödəyəcək. Razılaşmada həmçinin 25 milyon funtluq məcburi satınalma bəndi yer alır. Bu şərt mövsümün müəyyən mərhələsindən sonra avtomatik qüvvəyə minəcək və bütün detallar “Roma”nın idman direktoru Rikki Massaranın apardığı danışıqlara uyğun şəkildə razılaşdırılıb.
Məşhur insayder Fabritsio Romano da keçidi təsdiqləyib. O, X sosial şəbəkəsində paylaşımında belə yazıb:
“Doniyell Malen ‘Roma’da — oldu, bitdi! ‘Aston Villa’ və futbolçunun agentləri ilə razılaşma əldə olunub.”
Yanvar 2025-ci ildə “Aston Villa”ya keçəndən sonra stabil oyun şansı qazana bilməyən 26 yaşlı vinger üçün bu transfer yeni başlanğıc kimi dəyərləndirilir. Doniyell Malen “Roma”da baş məşqçi Can Pyero Qasperininin rəhbərliyi altında A Seriyasında çıxış edəcək.
Sürəti və birəbir mübarizələrdə effektivliyi ilə seçilən Malenin “Roma”nın hücum xəttinə dinamika qatması və komandanın turnir cədvəlində yuxarı pillələrə qalxmasına kömək etməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved