“Atletiko” və “Man Yunayted” Qomes üçün kəllə-kəlləyə
“Atletiko Madrid” “Mançester Yunayted”in transfer hədəfinə şərik oldu.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in maraqlandığı yarımmüdafiəçi uğrunda mübarizəyə “Atletiko Madrid” də daxil olub. İspaniya klubu “Vulverhempton”un futbolçusu Joau Qomesin transferi üçün hərəkətə keçib.
INEOS-un futbol əməliyyatlarını üzərinə götürməsindən sonra “Mançester Yunayted”sabitlik tapmaqda çətinlik çəkir. Çünki INEOS idarəçiliyə qarışır. Normalda futbol klublarında baş məşqçi oyunçu seçimi və transferlərdə böyük söz sahibidir. Amma INEOS kimi böyük investor qrupları maliyyə və strategiya baxımından qərarlara təsir edə bilir.
Klub Erik ten Haqı istefaya göndərərək Ruben Amorimi baş məşqçi postuna gətirmişdi. Rəhbərlik portuqaliyalı mütəxəssisin “Sportinq”dəki uğurlu işini təkrarlayacağına ümid etsə də, transfer məsələlərində fikir ayrılıqları yaranıb.
Yanvar ayında Amorimin yarımmüdafiəçi istəyi INEOS tərəfindən dəstəklənməyib. “Lids Yunayted”lə “Elland Road”da başa çatan oyundan sonra keçirilən və klub rəhbərliyinin açıq şəkildə tənqid edildiyi mətbuat konfransından sonra Amorim istefaya göndərilib. Bundan sonra “Mançester Yunayted” mövsümün sonuna qədər baş məşqçi postunu Maykl Kerrikə tapşırıb, daimi baş məşqçinin isə yayda təyin olunacağı bildirilib.
Bu qərar azarkeşlər arasında ciddi narazılıq yaradıb. Məhz bu səbəbdən INEOS-un fanatları sakitləşdirmək üçün transfer bazarında aktiv ola biləcəyi qeyd olunur. Klub artıq Ruben Neveşlə maraqlanır, eyni zamanda Joau Qomes də “qırmızı şeytanlar”ın siyahısında yer alır.
ESPN Brazil-in məlumatına görə, “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone 24 yaşlı braziliyalı yarımmüdafiəçini komandasında görmək istəyir. Madrid klubu Konor Qallaherin “Tottenhem”ə satışına razılıq verdikdən sonra Joau Qomesin transferini prioritetə çevirib.
Qomesin “Vulverhempton”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Lakin klubun Premyer Liqada qalmaq uğrunda mübarizəsi çətinləşdiyindən, yayda bir çox aparıcı futbolçuların komandadan ayrılacağı gözlənilir. Bu vəziyyət həm “Mançester Yunayted”, həm də “Atletiko Madrid” üçün transfer imkanlarını artırır.