"Ayaks"ın oyununa 15 dəqiqəlik fasilə verildi - SƏBƏB
90plus.az xəbər verir ki, çərşənbə günü Çempionlar Liqasında “Qalatasaray”ı qəbul edəcək “Ayaks” Niderland Erediviziyasında keçirdiyi oyunda “Herenven”lə 1:1 hesablı heç-heçə edib. Qarşılaşma tribunadan atılan hava fişəklər səbəbindən 15 dəqiqəlik fasilə ilə yadda qalıb.
“Yohan Kroyf Arena”da baş tutan matçda meydan sahibləri 39-cu dəqiqədə Mika Qodtsun vurduğu qolla önə keçsələr də, üstünlüyü qoruya bilməyiblər. Qonaq komanda “Herenven” 68-ci dəqiqədə Vatslav Şeykin qolu ilə bərabərlik hesabını təmin edib və səfərdən 1 xalla ayrılıb.
Bu nəticədən sonra “Ayaks” 20 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və lider “PSV Eyndhoven”dən 8 xal geri qalıb. “Herenven” isə 14 xalla 9-cu yerdədir.
Oyunun 30-cu dəqiqəsində “Ayaks”ın azarkeşləri tərəfindən tribunada yandırılan məşəl və atılan havai fişəklər səbəbindən stadion dumanla örtülüb. Hakim Yannık van der Laan təhlükəsizlik məqsədilə futbolçuları meydandan çıxarıb və görüş 15 dəqiqə dayandırılıb. Qısa fasilədən sonra oyun qaldığı yerdən davam etdirilib.
“Qalatasaray”la qarşılaşmadan öncə əldə olunan bu heç-heçə “Ayaks” üçün arzuolunmaz nəticə sayılsa da, komanda diqqətini artıq Çempionlar Liqasındakı vacib oyuna yönəldib.
© Copyright 2025, All Rights Reserved