Ayyub Buaddi nəhənglərin trendinə çevrilib
“Arsenal”, “Liverpul” və PSJ-dən Ayyub Buaddiyə maraq – “Lill” rekord məbləğ tələb edir.
90plus.az xəbər verir ki, Mərakeş millisinin 18 yaşlı istedadı Ayyub Buaddi yay transfer pəncərəsinin ən çox diqqət çəkən gənc futbolçularından birinə çevrilib.
Məlumata görə, Dünya Çempionatı başlamazdan əvvəl bir sıra aparıcı Avropa klubları futbolçunun agenti ilə əlaqə saxlayaraq onun vəziyyəti ilə maraqlanıb. Bu klublar arasında "Arsenal", "Liverpul" və "Paris Sen-Jermen" yer alır.
Buaddi xüsusilə Mərakeş millisinin Braziliya ilə oyununda (1-1) nümayiş etdirdiyi parlaq performansla diqqətləri üzərinə çəkib. Gənc yarımmüdafiəçinin çıxışı Avropa nəhənglərinin marağını daha da artırıb.
Bununla belə, "Lill" futbolçusunu ucuz qiymətə satmaq niyyətində deyil. Fransa təmsilçisi Dünya Çempionatından qısa müddət əvvəl Buaddinin müqaviləsini 2029-cu ilin yayına qədər uzadıb.
Mənbənin məlumatına əsasən, “Lill” gənc ulduz üçün minimum 70-80 milyon avro tələb edir. Turnirdəki uğurlu çıxışını davam etdirəcəyi təqdirdə isə transfer qiymətinin daha da yüksələ biləcəyi bildirilir.
Ayyub Buaddi son aylarda Avropanın ən perspektivli yarımmüdafiəçilərindən biri kimi göstərilir və onun gələcəyi ilə bağlı mübarizənin qarşıdakı aylarda daha da qızışacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved