Azərbaycan güləşçisi finalda uduzdu

Bu gün Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan dünya çempionatında final döyüşünə çıxıb.
90plus.az xəbər verir ki, üçqat Avropa çempionu və Olimpiya Oyunlarının bürünc mükafatçısı həlledici görüşdə iranlı Səid Esmaili ilə üz-üzə gəlib.
Rəqibinə 1:2 hesabı ilə uduzan idmançımız dünya çempionatında növbəti dəfə gümüş medal əldə edib. Bu, onun böyüklər arasında keçirilən mundiallarda qazandığı 3-cü (2 gümüş, 1 bürünc) medaldır.
Esmaili Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və ikiqat Asiya çempionudur.
Qeyd: Hazırda Azərbaycan yığmasının aktivində 8 medal var. Daha əvvəl Ülvi Qənizadə (72 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev (92 kq) isə bürünc medal qazanıblar.
© Copyright 2025, All Rights Reserved