Azərbaycan millisində portuqaliyalı baş məşqçi
AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi vəzifəsinə Ruy Jorjenin namizədliyi müzakirə olunaraq təsdiq edilmişdi.
90plus.az xəbər verir ki, hüquqi prosedurlar tamamlandıqdan sonra Ruy Jorje rəsmi olaraq U-20 millimizin baş məşqçisi təyin edilib.
Azərbaycanın U-20 komandası 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.
Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. Dəqiq tarix, saat və məkan barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ruy Jorje məşqçiliyə futbolçu kimi çıxış etdiyi “Belenenseş” klubunda başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illərdə adıçəkilən klubun U-19 komandası ilə işləyib, 2008/2009 mövsümündə isə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının başına gətirilən Jorje 15 il ərzində bu komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsinə çıxıb və ikisində (2015, 2021) gümüş medala layiq görülüblər. Eyni dövrdə Ruy Jorje Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.
© Copyright 2026, All Rights Reserved