Azərbaycanın 4 boksçusu 1/4 finalda

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarının ikinci gününə yekun vurulub.
90plus.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində keçirilən 1/4 final mərhələsində milli komandamızın daha 4 boksçusu qələbə qazanaraq yarımfinala yüksəlib.
48 kq çəki dərəcəsində Gülər Hüseynova Tacikistan təmsilçisi Bibisoro Racabovanı 4:1 hesabı ilə məğlub edib. O, yarımfinalda Özbəkistanlı Şahnozabon İmomaliyeva ilə qarşılaşacaq.
46 kq-da çıxış edən Qardaş Rəhimov Belaruslu Mikita Beskaravaynini 3:2 hesabı ilə üstələyib və yarımfinalda Tacikistanlı Damir Nazarovla döyüşəcək.
Eyni çəkidə Əli Ruşanov da yarımfinala vəsiqə qazanıb. O, qazaxıstanlı Anqsar Ussenxanı 4:1 hesabı ilə məğlub edərək, növbəti mərhələdə Özbəkistan təmsilçisi Utkırbek Norkosimovla üz-üzə gələcək.
50 kq-da mübarizə aparan Ayxan Həsənov isə Türkmənistanlı Dayanç Orayevi 4:1 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi Tacikistanlı Behruz Umarov olacaq.
Beləliklə, yarımfinala yüksələn idmançılarımız ən azı bürünc medalı artıq təmin ediblər.
Qeyd: Qızların yarımfinal görüşləri oktyabrın 2-də, oğlanların isə oktyabrın 3-də baş tutacaq.
© Copyright 2025, All Rights Reserved