"Barselona" İngiltərədən futbolçu alır
“Barselona” “Çelsi”nin futbolçusu Pedro Netonu izləyən klublar arasındadır.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi hücum xəttini gücləndirmək qərarı verəcəyi təqdirdə portuqaliyalı vinger mümkün transfer namizədlərindən biri hesab olunur. Klub rəhbərliyi yay transfer dövründə mərkəz hücumçusu, mərkəz müdafiəçisi və cinah hücumçusu heyətə qatmağı planlaşdırır.
Hazırda cinah hücumunda “Barselona”nın əsas heyətində Lamine Yamal və Rafinya kimi futbolçular çıxış edir. Onların alternativləri sayılan Markus Reşford və Runi Bardgi isə komandada hələ tam möhkəmlənə bilməyiblər.
Bu səbəbdən müdafiəni yarmaq bacarığı, qol vurmaq və məhsuldar ötürmələr etmək qabiliyyəti, həmçinin hər iki cinahda və “saxta doqquzluq” mövqeyində oynaya bilməsi ilə seçilən Pedro Neto variantı da klub tərəfindən nəzərdən keçirilir. Lakin hazırda məsələ yalnız futbolçunun çıxışlarının yaxından izlənilməsi ilə məhdudlaşır.
Qeyd: Pedro Neto bu mövsüm Premyer Liqada 28 oyunda iştirak edib və 5 qol vurub.
© Copyright 2026, All Rights Reserved