“Barselona” Kenan Yıldız üçün iki klubla yarışır

“Barselona” “Yuventus”un türkiyəli gənc ulduzu Kenan Yıldızı transfer siyahısına daxil edib. 20 yaşlı türkiyəli hücumçu hazırda Turin klubunda əfsanələrin – Mişel Platini, Roberto Baccio, Zinəddin Zidan və Alessandro Del Pyero kimi adların geyindiyi 10 nömrəli formanı daşıyır.
90plus.az xəbər verir ki, “Barselona” bu transfer uğrunda “Arsenal” və “Çelsi” ilə rəqabət aparır. İtaliyanın “La Gazzetta dello Sport” və “Tuttosport”, eləcə də İspaniyanın “Mundo Deportivo” nəşrləri bu məlumatı yayımlayıb. Xəbərdə bildirilir ki, London təmsilçisi yayda qəbul edilməyən 67 milyon avroluq təklifindən sonra danışıqları daha da sürətləndirib.
Transfermarkt-ın dəyərləndirməsinə əsasən, Yıldızın bazar qiyməti 75 milyon avrodur. O, bu mövsüm “Yuventus”da keçirdiyi 12 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə parlayıb, Türkiyə millisinin son iki matçında isə 3 qol vuraraq əsas ulduzlardan birinə çevrilib.
Buna baxmayaraq, Yıldız “Yuventus”da maaş cədvəlində 19-cu yerdə qərarlaşıb — o, ildə 1,7 milyon avro (bonuslar istisna olmaqla) qazanır. Bu, ehtiyat oyunçular Mattia Perin (1,5 milyon avro) və Daniele Ruqani (1,4 milyon avro) ilə eyni səviyyədədir.
Futbolçunun “Yuventus”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir, lakin Avropadan artan maraq fonunda klub rəhbərliyi onu saxlamaq üçün yeni, daha sərfəli müqavilə üzərində işləyir. “Tuttosport”un məlumatına görə, “Çelsi” artıq çox yüksək maaş təklif edən “çılğın plan” hazırlayıb.
“Yuventus” rəhbərliyi futbolçunu komandada saxlamaq üçün illik 10 milyon avro təklif etməyə hazırlaşır. “La Gazzetta dello Sport” yazır ki, Yıldız yeni transfer Conatan David kimi 6 milyon avro qazanmaq istəyir, amma Duşan Vlahoviçin 12 milyon avroluq maaşına yaxınlaşmaq niyyətində deyil.
“Barselona” isə bu yarışda hələ də ümidlidir — klub, Lionel Messinin bir vaxtlar geyindiyi “Blauqrana” formasının cazibəsinə arxalanır.