"Barselona" "Xetafe" qarşısına ciddi itkilərlə çıxacaq

90plus.az xəbər verir ki, “Barselona” bu axşam “Estadi Xohan Kroyff” stadionunda “Xetafe”ni qəbul edəcək. Lakin oyun öncəsi katalon klubunu ciddi heyət problemi gözləyir – müdafiəçi Pau Kubarsinin sol dizində yaşadığı problem səbəbilə görüşü buraxacağı ehtimal olunur.
18 yaşlı futbolçu cümə axşamı “Sent Ceyms Park”da keçirilən və “Barselona”nın 2:1 hesablı qələbəsi ilə nəticələnən Çempionlar Liqası oyununda əvəzlənmişdi. O, şənbə günü keçirilən son məşqdə də iştirak etməyib və bu, onun “Xetafe” ilə görüşdə meydana çıxmasının çətin olduğunu göstərir.
Komandanın itkiləri bununla da bitmir. Zədəli Mark-Andre ter Ştegen, Alejandro Balde və Lamin Yamal da bu matçı dəqiq buraxacaq. Bundan əlavə, gənc futbolçu Dro da ayaq zədəsi səbəbilə heyətə daxil edilməyib.
Baş məşqçi Hansi Flikin sərəncamında Toni Fernandes, Jofre və üçüncü qapıçı kimi Emilio Bernad kimi digər gənc oyunçular var. Qeyd edək ki, Bernad bu rolu Dieqo Koçenin Çilidə sentyabrın 27-dən oktyabrın 19-dək keçiriləcək U-20 Dünya Çempionatına dəvət alması səbəbilə yerinə yetirəcək.
Katalonları qarşıda sıx qrafik gözləyir – növbəti oyun həftənin ortasında “Ovyedo”ya qarşı olacaq. Bu səbəbdən Flik heyət rotasiyasını diqqətlə planlaşdırmalıdır.
© Copyright 2025, All Rights Reserved