"Barselona" zədələrə rəğmən transfer etməyəcək

La Liqada çempionluq uğrunda mübarizə aparan “Barselona” ciddi zədə problemlərinə baxmayaraq yanvar transfer pəncərəsində heç bir futbolçu transfer etməməyi planlaşdırır.
90plus.az xəbər verir ki, yay transfer dövründə heyətini Markos Reşford, Xoan Qarsiya və Runi Bardci kimi yüksəkprofilli futbolçularla gücləndirən katalon klubu indi isə Hansi Flikin rəhbərliyi altında həm Çempionlar Liqası, həm də daxili turnirlərdə önəmli oyunlara az heyətlə çıxmaq məcburiyyətindədir.
Komandanın aparıcı oyunçularından Robert Levandovski (bud əzələsi – 1 ay), Dani Olmo (baldır əzələsi – noyabra qədər), və qapıçı Xoan Qarsiya (diz əməliyyatı – noyabra qədər) hazırda sıradan çıxıb. Ferran Torres də əzələ zədəsi ilə mübarizə aparır, lakin Çempionlar Liqasında çərşənbə axşamı baş tutacaq qarşılaşmada iştirakı ehtimal olunur.
Rafinyanın bud əzələsi zədəsi hələ tam sağalmayıb və onun qarşıdan gələn “El-Klasiko”da iştirakı sual altındadır. Digər bir əsas oyunçu Qavi isə avqustda keçirdiyi diz əməliyyatından sonra 2026-cı ilə qədər yaşıl meydanlara dönməyəcək.
Zədə siyahısının bu qədər geniş olmasına baxmayaraq, “Barselona”nın qış transfer planında dəyişiklik olmayacağı bildirilir. Klub rəhbərliyi heyətin daxili imkanlarla idarə olunmasına üstünlük verir.
© Copyright 2025, All Rights Reserved