"Barselona"da qalmaq istəyir – Levandovskidən qəti qərar
"Barselona" ilə müqaviləsinin başa çatmasına az müddət qalan Robert Levandovski gələcəyi ilə bağlı yekun qərarını verib.
90plus.az xəbər verir ki, təcrübəli hücumçu üçün son günlər transfer iddiaları artmışdı.
İspaniyanın nüfuzlu nəşrlərindən olan Mundo Deportivonun məlumatına görə, 37 yaşlı forvard karyerasını "Barselona"da davam etdirmək niyyətindədir və bu qərarını artıq klub rəhbərliyinə çatdırıb.
Xəbərdə qeyd olunur ki, Levandovski komandada qalmaq üçün bütün şərtləri qəbul etməyə hazırdır. O, maaşında endirimə razılaşıb və növbəti mövsümdə əsas heyət üzvü olmasa belə, ehtiyat oyunçu rolunu qəbul etməyə hazırdır.
Futbolçunun ailəsi ilə birlikdə Barselonada yaşamağa davam etmək istədiyi də vurğulanır. Klub prezidenti Joan Laporta isə seçki kampaniyası dövründə Levandovskinin komandada qalmasının tərəfdarı olduğunu bildirmişdi.
Qeyd: Polşalı hücumçu bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxaraq 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved