"Barselona"dan yoldaşlıq oyununda möhtəşəm gəlir
90plus.az xəbər verir ki, İspaniyanın “Barselona” klubu Amerika Birləşmiş Ştatlarında keçirilməsi nəzərdə tutulan, lakin sonradan ləğv olunan “Vilyarreal” görüşünün əvəzinə Peruda bir hazırlıq oyunu keçirməyi planlaşdırır. Kataloniya təmsilçisinin bu matçdan daha yüksək gəlir əldə edəcəyi gözlənilir.
La Liqa rəhbərliyi ilk dəfə olaraq mövsüm oyunlarından birinin başqa ölkədə keçirilməsini planlaşdırmışdı. Belə ki, “Barselona” ilə “Vilyarreal” arasındakı qarşılaşmanın ABŞ-ın Mayami şəhərində oynanması nəzərdə tutulmuşdu. Hətta UEFA da bu oyuna istisna hal kimi icazə vermişdi.
Lakin futbolçular və azarkeşlərin etirazları, həmçinin təşkilatçı şirkətin zaman məhdudiyyəti səbəbindən görüşün reallaşması mümkün olmadı. Şirkət, matçın rəsmi təsdiqi olmadan bilet satışına başlamağın məsuliyyətsizlik olacağını bildirmişdi.
Bu vəziyyətdən sonra “Barselona” alternativ planlar üzərində düşünməyə başlayıb. “Mundo Deportivo”nun məlumatına görə, klub rəhbərliyi dekabr ayında Peruda bir hazırlıq oyunu keçirmək ideyasını komandanın kapitanlarına və baş məşqçi Hansi Flikkə təqdim edib.
Mənbəyə əsasən, “Barselona” bu hazırlıq oyunundan Mayamidə planlaşdırılan matçdan daha çox — təxminən 7–8 milyon avro civarında gəlir əldə edə bilər. Hazırda matçın dəqiq tarixi üçün İspaniya Futbolçular Birliyi ilə danışıqlar davam edir. Klubun əldə edəcəyi gəlirə görə bu təklifin qəbul ediləcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved