"Bayern Menhen"in futbolçusu vəfat etdi
"Bayern Menhen"in aşağı yaş qrupu ilə Dünya kubokunda oynamış futbolçu Quo Jiaxuan 18 yaşında faciəvi şəkildə vəfat edib.
90plus.az xəbər verir ki, çinli futbolçu məşq zamanı baş verən qəzadan sonra ağır kəllə-beyin travması alıb.
Rəqib oyunçunun dizi ilə başından aldığı zərbədən sonra huşunu itirən Quonun beyninə qan sızdığı məlum olub. Az sonra həkimlər onun beyin ölümü olduğunu açıqlayıblar.
Bir gün xəstəxanada qalan futbolçu dünyasını dəyişib.
Quonun ailəsi hadisə ilə bağlı bütün təfərrüatların açıqlanmasını və qəzanın görüntülərinin əldə olunmasını tələb edib. Futbolçunun qardaşı Pekin Quoan Klubu və Pekin Futbol Assosiasiyasının onlara kifayət qədər dəstək vermədiyini iddia edib. Bununla belə, klub açıqlamasında Quonun ailəsinə hər cür yardımı davam etdirəcəklərini bildirib.
Quo Çin futbolunun perspektivli adlarından biri hesab olunurdu. O, 2023-cü ildə Çin U-17 Milli Komandasına seçildi və həmin il "Bayern" ilə dünya kubokunun heyətində idi. Gənc futbolçu Çin Superliqasının gənclər kateqoriyasında “Ən yaxşı oyunçu” seçilib.
© Copyright 2025, All Rights Reserved