“Bayern Münhen”in 17 yaşlı istedadı "Arsenal"ın hədəfində
Cəmi 17 yaşında olmasına baxmayaraq “Bayern Münhen"in yarımmüdafiəçisi Lennart Karl Avropanın bir sıra nəhəng klublarının maraq dairəsinə düşüb.
90plus.az xəbər verir ki, “Bayern Münhen"in gənc futbolçusu Lennart Karl klubdakı parlaq çıxışı ilə diqqət mərkəzinə düşməyə davam edir. Transfer eksperti Ekrem Konurun məlumatına görə, “Arsenal” 17 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.
Karlın xidmətində yalnız “Arsenal” deyil, həm də “Milan”, “Çelsi”, “Mançester Siti” və xüsusilə “Leipsiq” kimi klublar da maraqlanır. Bundesliqa təmsilçisinin gənc futbolçu üçün yanvar transfer pəncərəsində rəsmi addım ata biləcəyi bildirilir.
Lennart Karlın “Bayern Münhen” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir və futbolçu fevralda 18 yaşına çatdıqda avtomatik olaraq 2029-cu ilə qədər uzanacaq. Müqavilədə sərbəst qalma maddəsi olmasa da, klub daxilində maaş artımı ilə bağlı danışıqlar aparıldığı deyilir.
Gənc yarımmüdafiəçi 2022-ci ildə “Bayern Münhen” akademiyasına qoşulub və ötən yaydan etibarən əsas komandanın daimi üzvünə çevrilib. O, cari mövsümdə 13 rəsmi oyunda 2 qol vurub və 1 qolun ötürməsini verib.
Karlın performansı o qədər təsirli olub ki, baş məşqçi Yulian Naqelsmannın rəhbərliyi altında 2026 Dünya Çempionatı üçün Almaniya millisinin namizədləri sırasında yer alması ehtimalı da müzakirə olunur.
© Copyright 2025, All Rights Reserved