"Benfika" - "Real Madrid" oyununda qalmaqal - İrqçilik edildi?
UEFA Çempionlar Liqasının son 16 mərhələsində “Benfika” ilə “Real Madrid” arasında Lissabondakı “Luj” stadionunda keçirilən qarşılaşma qalmaqallı hadisələrlə yadda qalıb.
90plus.az xəbər verir ki, görüş 1:0 hesabı ilə İspaniya təmsilçisinin xeyrinə başa çatıb.
Matç zamanı “Benfika”nın futbolçusu Gianluka Prestianninin “Real Madrid”in ulduzu Vinicius Juniora qarşı irqçi ifadələr işlətdiyi iddia olunub. Hadisədən sonra Vinisius meydanı tərk etmək istəyib və oyun təxminən 10 dəqiqəlik fasilədən sonra davam etdirilib.
Məsələ bununla yekunlaşmayıb və stadiondakı gərginliyin daha sonra paltardəyişmə otaqlarına aparan tuneldə davam etdiyi bildirilib.
İspan jurnalist Manolo Lama, “El Partidazo” proqramında “Benfika”nın prezidenti Rui Costa ilə “Real Madrid”in kommunikasiya heyətinin üzvü Sezar Nanklares arasında insident yaşandığını iddia edib.
Məlumata görə, Rui Koşta iki komandanın oyunçuları arasında baş verənləri videoya çəkən Nanklaresdən çəkilişi dayandırmağı tələb edib. “Real Madrid” əməkdaşı bu tələbi qəbul etmədikdə, portuqaliyalı funksioner kameraya əli ilə müdaxilə edib.
“Benfika”nın mətbuat katibi isə tərəflər arasında dava olmadığını bildirib:
“Dava etmədilər, sadəcə bir qədər uzaqlaşdılar”.
Buna baxmayaraq, Manolo Lama insidentin baş verdiyini israrla vurğulayıb və “Benfika” prezidentinin olduğu paltardəyişmə otağında kiçikmiqyaslı qarşıdurma yaşandığını deyib. O, fiziki şiddətin ciddi səviyyədə olmadığını da əlavə edib.
Beləliklə, “Benfika” – “Real Madrid” qarşılaşması təkcə nəticə ilə deyil, həm meydanda, həm də tuneldə yaşanan qalmaqallarla gecəyə damğa vurub.
© Copyright 2026, All Rights Reserved