Benzema Səudiyyə Ərəbistanında klub dəyişir
90plus.az xəbər verir ki, Fransalı ulduz futbolçu Kərim Benzemanın Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə 1,5 illik müqavilə imzalamağa hazırlaşdığı bildirilir. Məlumata görə, bu transfer onun “Əl-İttihad”dakı problemlərlə müşayiət olunan dövrünü başa vuracaq.
38 yaşlı hücumçu hazırkı klubu “Əl-İttihad” ilə yeni müqavilə məsələsində ciddi fikir ayrılığı yaşayıb. Klubun təqdim etdiyi yeni təklifdə futbolçuya maaş ödənilməməsi, əvəzində isə imic hüquqlarına tam nəzarət verilməsi Benzemanın narazılığına səbəb olub. Təcrübəli forvard bu təklifə etiraz edərək “Əl-Fəth”lə keçirilən son oyunda meydana çıxmaqdan imtina edib.
Benzema və onun nümayəndələri təklifi dərhal rədd ediblər. Qış transfer pəncərəsinin son saatlarında tərəflər arasında çıxış yolu axtarılsa da, vəziyyətin aydınlaşması üçün planlaşdırılan görüş nəticəsiz qalıb.
Digər klublardan, o cümlədən “Yuventus”dan maraq olduğu və Benzemanın transferə açıq yanaşdığı bildirilir. Son məlumatlara görə, fransalı hücumçunun “Əl-Hilal”a keçidi böyük ehtimalla reallaşacaq.
© Copyright 2026, All Rights Reserved