Berezutski Rusiya klubuna keçir

Vasili Berezutskinin “Sabah”dan gedişi Rusiya mediasında yeni mövzu yaratdı – SSKA-yla bağlı iddialar güclənir.
90plus.az xəbər verir ki, “Sabah” klubunun baş məşqçisi Vasili Berezutskinin komandadan ayrılması təkcə Azərbaycan futbol ictimaiyyətində deyil, Rusiya mediasında da geniş müzakirələrə səbəb olub. Klub onunla yolların ailəvi səbəblərə görə ayrıldığını açıqlasa da, bu gedişin arxasında daha böyük bir keçidin olduğu ehtimal edilir.
Məlumata görə, Azərbaycan Kubokunu “Sabah”a qazandıraraq klub tarixində ilk titul sevincini yaşadan 41 yaşlı mütəxəssis karyerasını vətəni Rusiyada davam etdirmək niyyətindədir. İddialar, əsasən, Moskvanın SSKA klubu üzərində cəmlənib. Səbəbsiz də deyil – çünki bu həftənin əvvəlində SSKA rəhbərliyi baş məşqçi Marko Nikoliçlə yolları ayırıb.
Dünən isə Vasili Berezutskinin “Sabah”la müqaviləsinə xitam verilib. Rusiya mediası bu iki hadisənin eyni həftəyə təsadüf etməsini təsadüf hesab etmir və Berezutskinin SSKA-ya qayıdış ehtimalını ciddi şəkildə müzakirə edir.
Qeyd: Vasili Berezutski qardaşı Aleksey ilə birlikdə uzun illər SSKA-nın şərəfini qoruyub və klubun simvollarından birinə çevrilib. Məhz bu bağlılıq onu azarkeşlərin və mütəxəssislərin əsas namizədlərindən birinə çevirir.
SSKA prezidentinin keçmiş müşaviri Valeri Nepomnyaşşi bir neçə gün əvvəl “Matç TV”yə verdiyi açıqlamada bu fikri təsdiqləyib:
“Komandanı SSKA siması olan biri idarə etməlidir. Serqey İqnaşeviç və Vasya Berezutskini bu işə hazır hesab edirəm. Vasili hazırda Azərbaycanda uğurlu nəticələr əldə edib.”
Oxşar mövqe ilə çıxış edənlərdən biri də Rusiya millisinin sabiq baş məşqçisi Boris İqnatyev olub. O, dünən verdiyi açıqlamada belə deyib:
“SSKA-nın mövcud durumu nəzərə alınarsa, Berezutskilər və İqnaşeviç kimi klubun ruhunu daşıyan şəxslərin komandaya rəhbərlik etməsi ən doğru addım olardı.”
Hazırda Vasili Berezutskinin gələcək taleyi rəsmi şəkildə açıqlanmasa da, SSKA ilə bağlı ehtimallar getdikcə güclənməkdədir. Rusiya futbolunda növbəti günlərdə baş verəcək hadisələr bu ehtimalları təsdiqləyə və ya tamamilə dəyişə bilər.