“Beşiktaş” Altay Bayındır transferində razılıq əldə etdi
“Beşiktaş” Altay Bayındır üçün “Mançester Yunayted”lə razılığa gəldi.
90plus.az xəbər verir ki, Türkiyə millisinin qapıçısı Altay Bayındır karyerasını vətənində davam etdirə bilər. “Sporx” medianın yaydığı məlumata görə, “Beşiktaş” futbolçunun transferi üçün “Mançester Yunayted”lə razılıq əldə edib.
Xəbərə əsasən, Super Liqa təmsilçisi 27 yaşlı qolkiperin şəxsi şərtlərini də razılaşdırıb. İstanbul klubu bu keçid üçün “qırmızı şeytanlar”a 5 milyon avro ödəyəcək. Transfer yay pəncərəsi açıldıqdan sonra rəsmiləşəcək.
“Beşiktaş” Bayındırı qış transfer dönəmində də heyətinə qatmaq istəyirdi. Lakin “Mançester Yunayted” ikinci qapıçısını mövsümün ortasında buraxmağa razı olmamışdı.
Altay mövsümə əsas heyət qapıçısı kimi başlamışdı. Keçmiş baş məşqçi Ruben Amorim Andre Onananı ehtiyatda saxladıqdan sonra şans qazanan türk qolkiper sonradan yerini belçikalı Senne Lammensə uduzub. Lammens son aylarda Premyer Liqada 21 oyunda forma geyinib və 5 “quru oyun”la yadda qalıb. O, “Everton” üzərində 1:0 hesablı qələbədə də matçın ən yaxşısı seçilib və inamlı çıxışı ilə əsas heyətdə mövqeyini möhkəmləndirib.
ℹ️ Altay Bayındır cari mövsümdə 6 oyunda meydana çıxıb. O, 2023-cü ildə “Fənərbağça”dan “Mançester Yunayted”ə transfer olunduqdan sonra ümumilikdə 17 matçda şans qazanıb. Lakin əsas heyət üzvünə çevrilə bilməyən qapıçının daha çox oynamaq üçün Türkiyəyə qayıtmağa hazırlaşdığı bildirilir.
Eyni zamanda, çexiyalı qapıçı Radek Vitek uğurlu icarə çıxışından sonra əsas komandaya cəlb oluna bilər. 22 yaşlı qolkiper son üç mövsümü icarədə keçirib və hələ də “Mançester Yunayted”in əsas komandasında rəsmi debüt etməyib. Altayın gedişi və Tom Hitonun mümkün karyera sonlandırması fonunda Vitekin şans qazanacağı ehtimal olunur.
Bundan başqa, Andre Onananın da növbəti mövsüm əsas heyətdə yerini geri qaytarmaq üçün mübarizə aparmağa hazır olduğu vurğulanır. Lakin Vitek də Lammenslə rəqabətə qoşulmağa iddialıdır.
Beləliklə, “Mançester Yunayted”də yay transfer dönəmində qapıçı mövqeyində ciddi dəyişikliklərin baş verməsi gözlənilir.