Bəhlul Çin klubuna “YOX” deyib
Bəhlul Mustafazadə “Qarabağ”da qalır – Çin klubu ilə transfer baş tutmadı, futbolçu "YOX" söyləyib.
90plus.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin Çinin “Şençjen Penq Siti” klubuna mümkün transferi baş tutmayıb. Futbolçu son anda qərarını dəyişərək Ağdam təmsilçisində qalmağı seçib.
Bu barədə futbolçunun atası Ələmdar Mustafayev məlumat verib. Onun sözlərinə görə, Bəhlul Mustafazadə komandanın qarşıdakı vacib oyunlarını və sıx qrafiki nəzərə alaraq “Qarabağ”ı çətin vəziyyətdə tərk etmək istəməyib:
“Bəhlul son anda imtina etdi. Çünki komandanın qarşıda iki vacib oyunu və sıx qrafiki var idi. Çətin vəziyyətdə Qarabağı tərk etmək istəmədi. Qarşı tərəf isə ‘indi gəlsin’ dedi. Nəticədə öz qərarı ilə qaldı”.
Ələmdar Mustafayev həmçinin bildirib ki, futbolçu ilə bağlı başqa klublardan da maraq olub:
“Digər klublardan da müraciətlər vardı. Asiyadansa Avropaya getməsini daha məqsədəuyğun hesab edirəm. Çünki futbolun mərkəzi oradır. Amma elə klub olmalıdır ki, avrokuboklarda mübarizə aparsın. Bu imkanı əvvəllər də olub, lakin yararlanmamışdı. ‘Qarabağ’ da onun getməsini istəməyib. Qərarına hörmət edirəm, amma qalmasını istəyirdim”.
Beləliklə, Bəhlul Mustafazadə ən azı cari mərhələdə “Qarabağ”ın heyətində qalaraq komandasına kömək etməyə davam edəcək.
© Copyright 2026, All Rights Reserved