Ulduz basketbolçu: “Mərclərə görə bizi ölümlə təhdid edirlər”

NBA təmsilçilərindən “Bruklin Nets”in basketbolçusu Maykl Porter Jr iştirak etdiyi bir podkastda idman proqnozlarının yaratdığı təhlükələrdən danışıb. ABŞ-lı oyunçu son dövrlərdə idmançılara yönələn təzyiqlərin və təhdidlərin artdığını bildirib.
90plus.az xəbər verir ki, Maykl Porter Jr açıqlamasında qardaşı Jontey Porterin yaşadığı hadisəyə toxunaraq bunları deyib:
“Qardaşımın yaşadıqları ortadadır. Malik Bezli də eyni vəziyyətdədir. Terri Roziye də çətin anlar yaşayır. Proqnoz məsələsi günü-gündən daha da təhlükəli bir hal alır. Üstəlik, həqiqətən ölüm təhdidləri alırıq. Bir gün qeyri-sabit bir qumarbazın hansısa idmançıya fiziki hücum edəcəyi gündən qorxuram. Ən qəribəsi odur ki, çox yaxşı oynasam, ‘alt’ proqnozu edənlər mənə nifrət edir, pis oynasam isə ‘üst’ proqnozu edənlərə pul itirdirəm. Nəticədə necə oynasam da, kiminsə pulu batır.”
27 yaşlı basketbolçu bəzi idmançıların proqnoz oyunlarına maraq göstərə biləcəyini də vurğulayıb:
“Təsəvvür edin, bir oyun üçün deyirsən ki, ‘Bu matçda mənə 10 min dollarlıq alt proqnoz oynayın. Sanki zədələnmişəm kimi davranacağam və 3 dəqiqəyə meydanı tərk edəcəyəm.’ Beləcə təkcə bir matçla bütün dostlarını zəngin edə bilərsən. Bu düzgün deyil, amma bəzi insanlar bu şəkildə düşünə bilər. Onlar yoxsulluqdan gəlirlər və ətraflarındakı insanlar da bu yolu cazibədar görür.”
Qeyd: Maykl Porter Jr-ın qardaşı Jontey Porter 2024-cü ildə NBA tərəfindən matçlara proqnoz etdiyi üçün ömürlük diskvalifikasiya olunmuşdu. O, son olaraq “Toronto Reptors” klubunun formasını geyinirdi.
© Copyright 2025, All Rights Reserved