Cek Qrilişdən duyğusal vida: “Belə bitməsini istəməzdim”
Mövsümün əvvəlində “Mançester Siti”dən “Everton”a icarə əsasında keçən ingilis futbolçu Cek Qriliş aldığı zədə səbəbindən mövsümü erkən başa vurub.
90plus.az xəbər verir ki, İngilis futbolunun tanınmış simalarından olan 30 yaşlı yarımmüdafiəçi topuğunda yaranan stres sınığı səbəbilə əməliyyat olunduğunu açıqlayıb. Qriliş yanvarın 18-də “Aston Villa”ya qarşı keçirilən və “Everton”un 1:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda zədələnmişdi. Aparılan tibbi müayinələrdən sonra futbolçunun topuğunda stres sınığı aşkar edilib və cərrahi müdaxilə qərarı verilib.
Cek Qriliş sosial şəbəkə hesabında paylaşdığı açıqlamada yaşadığı məyusluğu bu sözlərlə ifadə edib:
“Mövsümün belə bitməsini istəməzdim, amma futbol bəzən belə olur. Çox üzgünəm. Artıq əməliyyat olunmuşam və bütün diqqətim yenidən formaya düşməkdədir. Daha güclü, daha hazır və əvvəlkindən də yaxşı şəkildə geri dönəcəyimə inanıram. Bu inanılmaz kluba gəldiyim gündən gördüyüm dəstək mənim üçün çox dəyərlidir. Klub əməkdaşları, komanda yoldaşlarım və xüsusilə azarkeşlər möhtəşəm idi. Bu klubu təmsil etməkdən qürur duyuram. Komandanı sona qədər dəstəkləyəcəyəm və mümkün olan ən qısa zamanda meydanlara qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Hər birinizə sevgiyə görə təşəkkür edirəm.”
Təcrübəli futbolçu bu mövsüm “Everton” forması ilə bütün turnirlərdə 22 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Aldığı zədə səbəbindən Qrilişin mövsümün qalan hissəsində meydana çıxması gözlənilmir.
© Copyright 2026, All Rights Reserved