Cekonun gördüyü qırmızı vərəqə Almaniyada gündəm oldu
“Şalke 04” – “Hannover 96” matçında Edin Cekonun qırmızı vərəqəsi Almaniyada gündəm oldu.
90plus.az xəbər verir ki, Almaniya II Bundesliqasında lider “Şalke 04” öz meydanında “Hannover 96” ilə 2:2 hesablı heç-heçə edib. Qarşılaşmanın ən çox müzakirə olunan məqamı isə bosniyalı hücumçu Edin Cekonun qırmızı vərəqə alması olub.
Matça yaxşı başlayan meydan sahibləri hesabı məhz Cekonun qolu ilə açıb və önə keçib. Lakin təcrübəli forvard 52-ci dəqiqədə rəqib futbolçu Hüsseyn Çakrun ilə epizodda təhlükəli oyun səbəbilə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Həmin anda “Şalke 04” 2:0 hesabı ilə öndə idi.
Say üstünlüyündən istifadə edən qonaqlar matçın son hissəsində geri dönüş edib. “Hannover 96” 82-ci dəqiqədə Mayk Navroçki ilə fərqi azaldıb, əlavə vaxtın son saniyələrində isə Benedikt Pixlerin qolu hesabı bərabərləşdirib – 2:2.
Görüşün baş hakimi Robin Braun isə matçdan sonra qərarını əsaslandırıb. Onun sözlərinə görə, Ceko topa müdaxilə etmək istəyərkən topu qaçırıb və açıq şəkildə rəqib oyunçu üçün təhlükəli hərəkət edib.
Hakim bildirib ki, Cekonun butsunun açıq vəziyyətdə rəqibin qabırğa nahiyəsinə zərbə vurması sağlamlıq üçün ciddi risk yaratdığına görə qırmızı vərəqə göstərmək qərarına gəlib.
Qeyd: Qış transfer pəncərəsində “Şalke 04”ə qoşulan 39 yaşlı hücumçu yeni komandasında 8 oyunda 6 qol vuraraq əsas oyunçulardan birinə çevrilib. Lakin qırmızı vərəqə səbəbindən o, komandasının çempionluq yarışında önəmli sayılan “Darmştadt”a qarşı növbəti tur matçında iştirak edə bilməyəcək.
© Copyright 2026, All Rights Reserved