Çempionlar Liqası: “Atletiko Madrid” son dəqiqədə uddu
"Atletiko Madrid" son dəqiqə qolu ilə "İnter"ə qalib gəldi.
90plus.az xəbər verir ki, Çempionlar Liqası, Liqa mərhələsinin 5-ci turunda Xose Maria Ximenes 93-cü dəqiqədə qələbə qolunu vuraraq matça nöqtə qoydu və Madrid klubu 2:1 hesabı ilə qalib gəldi.
“Atletiko” Metropolitano stadionunda oyuna sürətli başladı. Cəmi 9-cu dəqiqədə komandanın aparıcı futbolçusu Xulian Alvares sağ cinahdan dar bucaq altından uzaq küncə dəqiq zərbə ilə hesabı açdı. Hakim əvvəlcə epizodu əl ilə oynama səbəbilə qeydə almamışdı, lakin VAR yoxlaması sonrası qol qüvvəyə mindi.
“İnter” bu qoldan sonra irəli atıldı. Hakan Çalhanoğlunun 20 metrdən alt küncə vurduğu zərbəni qapıçı Xuan Musso çətinliklə zərərsizləşdirdi.
İtaliya klubu ikinci hissənin ilk dəqiqəsində böyük şans qaçırdı: Nikolo Barellanın yaxın məsafədən aşırma zərbəsi dirəyin üstündən keçərək qapı tirinə toxundu.
Nəhayət, 54-cü dəqiqədə “İnter” cavab qolunu tapdı. Əvəzlənmədən daxil olmuş Yoan Bonni topu Pyotr Zelinskiyə ötürdü və polyak yarımmüdafiəçi ilk toxunuşdan topu aşağı sağ küncə göndərərək hesabı bərabərləşdirdi.
Bu mövsüm dəfələrlə olduğu kimi, Antuan Qrizmannın oyuna gec daxil olması “Atletiko”ya dinamizm qatdı. Fransalı hücumçu dərhal təhlükə yaratdı və yaxın məsafədən vurduğu zərbə ilə Yan Sommeri çətin vəziyyətə saldı.
Matçın taleyini isə 93-cü dəqiqə həll etdi. Qrizmannın künc zərbəsindən göndərdiyi dəqiq ötürməni Ximenes başla qapıya göndərdi və Metropolitano azarkeşlərini coşdurdu.
Bu qələbədən sonra “Atletiko” Çempionlar Liqasının ümumi cədvəlində 12-ci pilləyə yüksəldi, “İnter” isə hələ də 4-cü sıradadır.
Alvaresin bu oyunda vurduğu qol onun “Atletiko” forması ilə Çempionlar Liqasında 14 qarşılaşmada 10-cu qolu oldu. Beləliklə, o, turnirdə klub üçün 10 və daha çox qol vuran üçüncü futbolçuya çevrildi – Antuan Qrizmann (39) və Saul Nigesdən (11) sonra.
Bu məğlubiyyət “İnter” üçün baş məşqçi Kristian Çivu dövründə bütün turnirlərdə ardıcıl ikinci dəfə yenilmə halıdır. Bundan əvvəl belə durum avqust–sentyabr aylarında A Seriyasında “Udineze” və “Yuventus”a qarşı yaşanmışdı:
Atletiko Madrid 2-1 İnter
Alvarez 9'
Zelinski 54'
Ximenez 90+3'
Qollar:
https://t.me/doxsanplus/111277
https://t.me/doxsanplus/111290
https://t.me/doxsanplus/111303