Cennaro Qattuzo: "Yeni baş məşqçiyə yol açmaq düzgündür"
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən göndərilməsi ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, mundiala vəsiqə qazana bilmədiyi üçün federasiya Cennaro Qattuzo ilə yolların ayrıldığını rəsmən açıqlayıb. İtaliyalı mütəxəssis isə istefası ilə bağlı danışarkən məyusluğunu gizlətməyib:
“Məqsədimə çata bilmədiyim üçün özümü pis hiss edirəm. İtaliya millisi futbolun ən qiymətli sərvətlərindəndir. Ona görə də dərhal yeni bir baş məşqçiyə yol açmaq düzgündür.”
Qattuzo federasiya rəhbərliyinə və komanda ilə çalışan şəxslərə təşəkkürünü də bildirib:
“Mənə həmişə göstərdikləri etimada və dəstəyə görə Prezident Qabriele Qravinaya, Canluici Buffona, eləcə də federasiyadakı digər şəxslərə təşəkkür etmək istəyirəm.”
O, xüsusilə azarkeşlərin dəstəyini vurğulayıb:
“Ən əsası, bu aylar ərzində komandaya olan sevgi və dəstəyini yorulmadan ifadə edən azarkeşlərə minnətdaram.”
Beləliklə, İtaliya millisi növbəti dəfə dünya çempionatını kənardan izləməli olacaq və yaxın günlərdə yığmaya yeni baş məşqçinin təyin olunacağı gözlənilir.
Xatırlatma: İtaliya yığması DÇ-2026-nın pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya uduzub. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə rəqib 4:1 hesabı ilə qalib gəlib. Bu nəticə “skuadra adzurra”nın dünya çempionatına vəsiqə qazanmaq şansını əldən verməsi ilə nəticələnib.
© Copyright 2026, All Rights Reserved