Ceydon Sanço yanvarda “Man Yunayted”ə qayıtmayacaq
“Daily Mail” xəbər verir ki, Ceydon Sanço mövsümün sonunadək “Mançester Yunayted”ə qayıtmayacaq.
Buna səbəb onun “Aston Villa”ya icarə müqaviləsində yanvarda geri çağırılma bəndinin olmamasıdır.
90plus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Unay Emerinin rəhbərliyi altında oyun vaxtı tapmaqda çətinlik çəkir – o, Premyer Liqada cəmi 53 dəqiqə meydanda olub. Ötən həftəsonu “Mançester Siti” üzərində qazanılan qələbədə meydana sonradan daxil olub və bir müddət sonra əvəzlənib.
“Villa” onun həftəlik 250 min funt sterlinq maaşının 80 faizini ödəsə də, bu transferin qarşılığında istənilən faydanı ala bilmir.
“Yunayted”ə sağ cinahda əlavə oyunçu lazım ola bilər, çünki Brayan Mbeumo, Amad Diallo və Nussair Mazraui Afrika Millətlər Kubokuna yollanacaqlar. Buna baxmayaraq, Sanço yayadək “Villa Park”da qalmalıdır.
Onun “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda başa çatır, lakin klub futbolçunu pulsuz itirməmək üçün bu müqaviləni daha bir il uzatmaq hüququna malikdir.
© Copyright 2025, All Rights Reserved