Çiro İmmobile Fransa yolunda: Razılaşma əldə olundu
Çiro İmmobile karyerasını Fransa Liqa 1-də davam etdirməyə hazırlaşır. Təcrübəli hücumçunun mövsümün ikinci yarısında “Paris FK”nin formasını geyinəcəyi bildirilir.
90plus.az xəbər verir ki, tərəflər arasında transferlə bağlı razılaşma artıq əldə olunub və rəsmi açıqlamanın yaxın saatlarda verilməsi gözlənilir. Məşhur insayder Fabrizio Romanonun xəbərinə əsasən, klublar razılığa gəlib, italiyalı futbolçu da ona təklif olunan müqavilə şərtlərini qəbul edib.
Mövsümün əvvəlində “Beşiktaş”la müqaviləsini ləğv edərək “Bolonya”ya transfer olunan Çiro İmmobile İtaliya klubundan ayrılmağa hazırlaşır. Hücumçu tibbi baxışdan keçdikdən sonra “Paris FK” ilə rəsmi müqavilə imzalayacaq.
İmmobile bu mövsüm “Bolonya”nın heyətində 9 oyunda meydana çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Çiro İmmobile karyerası ərzində “Latsio”, “Sevilya”, “Torino”, “Borussiya Dortmund”, “Yuventus”, “Cenoa”, “Peskara” və “Qrosseto” kimi klubların da formasını geyinib.
© Copyright 2026, All Rights Reserved