DÇ-2026-ya vəsiqəyə görə Konqoda milli bayramdır
Konqo DR 52 ildən sonra Dünya Çempionatına çıxdı – ölkədə milli bayram elan olundu.
90plus.az xəbər verir ki, Konqo Demokratik Respublikası 52 ildən sonra ilk dəfə futbol üzrə Dünya Çempionatına vəsiqə qazandıqdan sonra ölkədə milli bayram elan edilib.
Ölkənin Əmək və Məşğulluq Nazirliyi bildirib ki, bu tarixi uğurun xalq tərəfindən “birlik, coşqu və milli qürur hissi ilə qeyd olunması” üçün 1 aprel qeyri-iş günü elan olunub.
Konqo DR pley-off finalında Yamaykanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək Dünya Çempionatına vəsiqə qazanıb. Komanda sonuncu dəfə 1974-cü ildə, ölkə hələ Zair adlandığı dövrdə mundialda iştirak etmişdi.
Paytaxt Kinşasada bankların və mağazaların əksəriyyəti bağlanıb. Qərarın gec elan olunmasına baxmayaraq, şəhərdə minlərlə azarkeş küçələrə çıxaraq qələbəni qeyd edib. Azarkeşlər küçələrdə “Növbəti Kriştiano Ronaldo” şüarı da səsləndiriblər.
Konqo DR Dünya Çempionatında ilk oyununu iyunun 17-də Portuqaliya yığmasına qarşı keçirəcək. Komandanın yer aldığı qrupda həmçinin Kolumbiya və Özbəkistan milliləri də var.
Digər pley-off matçında isə İraq yığması Boliviya üzərində 2:1 hesablı qələbə qazanaraq Dünya Çempionatına vəsiqə əldə edib. Bu, İraq millisinin tarixində ikinci Dünya Çempionatı olacaq – komanda ilk dəfə 1986-cı ildə mundialda iştirak etmişdi.
© Copyright 2026, All Rights Reserved