Dezire Due “Golden Boy” mükafatının sahibidir
Dezire Due 2025-ci il “Golden Boy” mükafatının sahibi olub, Mişel Aqyemanq isə “Golden Girl” mükafatını qazanıb. Bu mükafatlar Avropanın ən yaxşı gənc futbolçularına verilir.
90plus.az xəbər verir ki, 20 yaşlı fransalı hücumçu Due ötən mövsüm “Pari Sen-Jermen”in tarixi dubluna, o cümlədən klubun ilk dəfə Çempionlar Liqasını qazanmasına böyük təsir göstərib. O, 61 oyunda 16 qol vurub və 16 məhsuldar ötürmə edib, həmçinin Çempionlar Liqasının finalında “İnter”ə qarşı dubl vurub.
İngiltərə və “Braytın”ın hücumçusu Mişel Aqyemanq (Arsenal-dan icarədə) isə qadınlardan ibarət İngiltərə millisinin 2025 Avropa Çempionatında uğur qazanmasında həlledici rol oynayıb. O, turnirdə iki vacib qol vurub və yarışın ən yaxşı gənc oyunçusu seçilib. 19 yaşlı futbolçu bu mövsüm “Braytın”ın 6 matçının 5-də start heyətində çıxış edib, lakin ön çarpaz bağının qopması səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Qaliblər bu gün mətbuat konfransında açıqlanıb, rəsmi təqdimetmə isə 1 dekabrda baş tutacaq.
İtaliya qəzeti “Tuttosport” tərəfindən təsis edilən bu mükafatlar hər il Avropadan seçilmiş 50 idman jurnalistinin səsverməsi ilə müəyyənləşdirilir və 21 yaşadək ən yaxşı futbolçulara verilir. Keçən il bu mükafatı “Barselona”nın hücumçusu Lamin Yamal qazanmışdı.
© Copyright 2025, All Rights Reserved