Dibalanın yeni adresi okeanın o tayı ola bilər

Braziliya futbolunun nəhəng klublarından olan “Flamenqo” “Roma” ilə gələcəyi hələ də qeyri-müəyyən olan argentinalı ulduz Paulo Dibalanı heyətinə qatmaq üçün ciddi addım atıb.
90plus.az xəbər verir ki, “Flamenqo” 31 yaşlı hücumçuya 2 illik rəsmi müqavilə təklif etməyə hazırlaşır.
“Yuventus”dan ayrıldıqdan sonra böyük ümidlərlə “Roma”ya transfer olunan Dibalanın müqavilə yenilənməsi ilə bağlı danışıqları futbolçunun alternativ variantlara da açıq olması səbəbilə dalana dirənib. “Roma” yeni sözləşmə təklif etsə də, Dibalanın ətrafından sızan məlumatlar onun bu təklifə dərhal cavab vermədiyini və digər variantları da qiymətləndirdiyini göstərir.
Məlumata görə, karyerasına vətəni Argentinada başlayan ulduz futbolçu futbola başladığı qitəyə – Cənubi Amerikaya dönüş fikrinə müsbət yanaşır. Onun regiondakı futbol ehtirası və bazar dəyərinin yüksəkliyi “Flamenqo”ya transfer ehtimalını artırır.
Bu mövsüm “Roma” forması ilə bütün turnirlərdə cəmi 5 oyuna çıxan və 211 dəqiqə meydanda qalan Dibala hələ ki, nə qol, nə də assistlə yadda qalıb. Lakin onun keyfiyyəti və təcrübəsi “Flamenqo” kimi iddialı klub üçün maraq doğurmaqda davam edir.
© Copyright 2025, All Rights Reserved