Dieqo Simeone qəlbindəki komandanı açıqladı
“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone gələcəkdə “İnter”i çalışdırma ehtimalına açıq olduğunu bildirib.
90plus.az xəbər verir ki, argentinalı mütəxəssis futbolçu karyerası dövründə 1997–1999-cu illərdə İtaliya nəhənginin formasını geyinmişdi.
Çempionlar Liqasında sabiq komandası “İnter”lə qarşılaşacaq “Atletiko Madrid”in çalışdırıcısı oyun öncəsi keçirilən mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Simeone gələcəkdə “İnter”ə qayıtmağı istisna etmədiyini deyib:
“Bir gün ‘İnter’i çalışdıra bilərəm”
Təcrübəli məşqçi çıxışında belə danışıb:
“Bu yalnız məndən asılı deyil, amma düşünürəm ki, məşqçilik karyerimdə bir gün ‘İnter’i çalışdıracağam. Məncə, bir gün bu baş verəcək.”
Bu açıqlama böyük sürpriz sayılmasa da, İtaliya mediasında geniş rezonans doğurub. Simeone 2016-cı ildə də oxşar fikirlər səsləndirmişdi.
“Atletiko”nun yüksəlişi
“Atletiko Madrid”də 14-cü mövsümünü keçirən Simeone komandasını mövsümə zəif startdan sonra qısa müddətdə toparlamağı bacarıb. La Liqanın ilk 5 turunda yalnız 1 qələbə qazanan Madrid klubu sonrakı 8 oyunda 7 qələbə və 1 heç-heçə ilə irəliləyib və lider “Real Madrid”lə xal fərqini 4-ə endirib.
Bütün turnirlər nəzərə alınmaqla son 12 matçda yalnız 1 dəfə məğlub olan “Atletiko Madrid” bu axşam evdə “İnter”i məğlub edərək Çempionlar Liqasında xalını 9-a yüksəltmək niyyətindədir.
© Copyright 2025, All Rights Reserved