Diqqət! Ölüm riski: Ceyk Pol və Antoni Coşua döyüşü boks dünyasını ayağa qaldırdı
Köhnə boksçu Amir Xan bu döyüşün ölümcül ola biləcəyində ehtiyatlanıb.
90plus.az xəbər verir ki, "Problemli Uşaq" ləqəbi ilə tanınan Ceyk Polun ağır çəki üzrə ikiqat dünya çempionu olan Antoni Coşuaya meydan oxuması böyük səs-küyə səbəb olmuşdu. Polun bu çağırışına müsbət cavab verildikdən sonra onlar 2026-cı ildə döyüşmək üçün şifahi razılıq əldə etmişdilər. Lakin boks aləmində bu qarşılaşmanın son dərəcə təhlükəli ola biləcəyi ilə bağlı narahatlıqlar var. Son olaraq keçmiş dünya çempionlarından olan Amir Xan Ceyk Pol ilə Antoni Coşua arasında baş tutacaq döyüşün ölümcül nəticələnə biləcəyini deyib.
Ceyk Pol daha əvvəl əfsanəvi boksçu Mayk Taysonu xalla məğlub edərək gündəmə gəlmişdi. Tayson üzərində qazandığı qələbədən sonra rinqə çıxmayan Pol bu dəfə ağır çəki üzrə ikiqat dünya çempionu olmuş Antoni Coşuaya meydan oxumuşdu.
Boks ictimaiyyəti Ceyk Pol və Antoni Coşua arasında baş tutacaq ehtimal olunan döyüşü çox təhlükəli hesab edir. Keçmiş çempion Amir Xan bildirib ki, bu döyüş baş tutarsa, Coşua rinqdə Polu öldürə bilər.
Əvvəllər "YouTuber" kimi tanınan Ceyk Polu sərt şəkildə tənqid edən Xan deyib: “Əgər sən bir "YouTuber"sənsə və böyük bir izləyici kütlən varsa, sadəcə bacaracağını düşünüb rinqə çıxıb bu böyük adlarla döyüşə bilməzsən. Çünki bir gün kimsə həyatını itirəcək.”
Xan açıqlamasının davamında bildirib: “Mən həqiqətən düşünürəm ki, Coşua onu rinqdə öldürə bilər. Bu, ‘Rokki 4’ filmindəki İvan Draqo ilə Apollon Krid arasındakı döyüşə bənzəyəcək. Yəni əgər bunu etmək istəyirsə, əvvəlcə onu izləməlidir.”
© Copyright 2025, All Rights Reserved