Dünya çempionu Lando Norris oldu - Ferstappenin 2 xalı çatmadı
90plus.az xəbər verir ki, Formula 1-də həyəcan dolu mövsüm Abu-Dabi Qran-Prisi ilə başa çatıb. Son yarışda 3-cü yeri tutan “Maklaren” pilotu Lando Norris toplam 423 xal toplayaraq mövsümü 421 xalla tamamlayan “Red Bull” pilotu Maks Ferstappeni geridə buraxıb və karyerasının ilk dünya çempionluğunu qazanıb.
Son yarışa “Red Bull” sürücüsü Maks Ferstappen poul mövqeyindən başlayıb. “Maklaren” pilotları Lando Norris ikinci, Oskar Piastri isə üçüncü yerdən start götürüb.
Yarışdan əvvəl 396 xala sahib olan Ferstappen finiş xəttini ilk sırada keçərək xalını 421-ə yüksəldib və mövsümü ikinci pillədə tamamlayıb.
Mövsümün son yarışına 12 xallıq üstünlüklə başlayan Norris sakit və təhlükəsiz sürüş nümayiş etdirərək yarışı 3-cü sırada bitirib. Bu nəticə ilə o, 423 xala çataraq ilk dəfə Formula 1 dünya çempionu tituluna sahib olub.
Yarışdan sonra açıqlama verən Lando Norris duyğularını belə bölüşüb:
“Uzun zamandır ağlamamışdım. Belə bir an yaşayacağımı düşünmürdüm. Uzun bir yol oldu. ‘Maklaren’dəki komanda yoldaşlarıma, eləcə də məni ilk gündən dəstəkləyən valideynlərimə təşəkkür edirəm.”
26 yaşlı pilot həmçinin Ferstappen və Piastrini də yüksək qiymətləndirib:
“Artıq Maks Ferstappenin necə hiss etdiyini anlamağa başlayıram. ‘Red Bull’ pilotu Ferstappeni və komanda yoldaşım Oskar Piastrini təbrik edirəm. Onlarla yarışmaq və onlardan nələrsə öyrənmək böyük zövq idi. Amma bu dəfə biz bacardıq. Hər kəsi qürurlu görmək möhtəşəmdir.”
Lando Norris (Böyük Britaniya) – 423 xal
Maks Ferstappen (Hollandiya) – 421 xal
Oskar Piastri (Avstraliya) – 410 xal
Corc Rassell (Böyük Britaniya) – 319 xal
Şarl Lekler (Monako) – 242 xal
“Maklaren” – 833 xal
“Mersedes” – 469 xal
“Red Bull” – 451 xal
“Ferrari” – 398 xal
“Uilyams” – 137 xal