Ehtiram Quliyev: "Bizim haqqımız Əliyarın haramı olsun"
Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” – “Zirə” oyunundan (0:2) sonra Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev hakim idarəçiliyindən narazılığını açıq şəkildə ifadə edib. O, xüsusilə qarşılaşmanın baş hakimi Əliyar Ağayevin qərarlarını sərt tənqid edib.
90plus.az xəbər verir ki, Quliyev hakimin bu oyuna təyinatı əvvəlcədən onlarda narahatlıq yaratdığını bildirib:
“Oyuna Əliyar Ağayevin təyinat aldığını öyrənəndə başımıza belə şeylərin gələcəyindən şübhələnirdik. Biz suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Eybi yox, suyu uzanaraq, tək ayaq üstə içsinlər, amma haqqımızı içməsinlər.”
Klub rəsmisi qeyd edib ki, hakim səhvləri komandanın bir illik zəhmətini puça çıxarıb:
“1 illik əziyyətimiz 1 gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusilə Əliyar “Turan Tovuz”un oyunlarına təyinat alanda belə halları gözləyirdik. Çempionatdakı oyunda səhv etmişdi. İnsanıq da. Bizə mesaj göndərildi ki, səhv etmişəm.”
O, emosional şəkildə futbolçuların haqqının tapdandığını vurğulayıb:
“Futbolçularımızın alın təri, bizim haqqımız Əliyarın haramı olsun. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolda belə hallar dəyişməlidir.”
Ehtiram Quliyev futbol ictimaiyyətini də baş verənlərə diqqət yetirməyə çağırıb:
“Bəzi şeyləri dilə gətirməliyik. Danışmadıqca, səssiz qaldıqca Əliyar kimilər oyunları belə idarə edəcəklər, futbolumuzu bu günə qoyacaqlar.”
Sədr əlavə edib ki, klub mövsüm ərzində ciddi hazırlıq keçib və böyük investisiyalar edib:
“Belə olan halda yatırım etməyin də, əziyyət çəkməyin də mənası yoxdur. Azərbaycan futbolunun Əliyar kimilərdən canı qurtarmalıdır.”
Sonda o, azarkeşlərə də səslənib:
“Epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin baxmasını, görməsini, “Turan Tovuz” azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq olmaz. Bu il əziyyətimiz boşuna gedir. Biz 2 təlim-məşq toplanışı keçirmişik, çoxlu investisiya etmişik, amma Əliyar kimilər oynamağımıza imkan vermirlər.”