“El Klasiko” qalibiyyətindən sonra “Real Madrid”də Vinisius krizisi
“Real Madrid” “Barselona” üzərində qazandığı 2:1 hesablı qələbə ilə “El Klasiko”dan üstün ayrılaraq əzəli rəqibi ilə xal fərqini artırıb.
90plus.az xəbər verir ki, matçın ardından komandada braziliyalı ulduz Vinisius Junior ətrafında gərginlik yaşanıb.
“Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda “Real Madrid”in qollarını Kilian Mbappe və Cud Bellinqem vurub, “Barselona”nın yeganə qoluna isə Fermin Lopes imza atıb. Oyuna start heyətində çıxan Vinisius 72-ci dəqiqədə Rodriqo ilə əvəzlənib. Bu zaman braziliyalı futbolçu baş məşqçi Xabi Alonsonun qərarına etiraz edib və birbaşa paltardəyişmə otağına yollanıb.
Matçın bitməsindən sonra sahəyə qayıdan Vinisius çıxan mübahisə zamanı sarı vərəqə ilə cəzalandırılıb. İspan mediasında onun klub tərəfindən intizam cəzası ala biləcəyi iddia edilsə də, “ESPN”in məlumatına görə, “Real Madrid” rəhbərliyi oyunçuya cəza verməməyi qərara alıb. Klub Xabi Alonsonun bütün texniki qərarlarını dəstəkləyəcəyini bildirib.
Bununla yanaşı, Vinisius və Alonso arasında vəziyyətin aydınlaşdırılması üçün bu gün xüsusi görüş keçiriləcəyi də qeyd olunub.
“Real Madrid”lə müqaviləsi 2027-ci ildə başa çatacaq Vinisius Junior hələ yeni sözləşmə barədə razılığa gəlməyib. İspan mətbuatı klubun futbolçu ilə müqaviləni uzatmaq niyyətində olduğunu yazır.
Vinisius məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayaraq davranışına görə azarkeşlərdən üzr istəyib:
“Bugünkü ‘El Klasiko’da oyundan çıxarkən göstərdiyim reaksiyaya görə bütün azarkeşlərdən üzr istəyirəm. Bəzən emosiyalarım məni ələ alır, çünki hər zaman qalib gəlmək və komandama kömək etmək istəyirəm. Mənim rəqabətçi təbiətim bu klub və onun təmsil etdiyi dəyərlərə olan sevgimdən qaynaqlanır. İlk gündən olduğu kimi, ‘Real Madrid’ üçün hər an mübarizə aparacağıma söz verirəm.”