Elmar Baxşıyev: “Hakimlərə yüklənsək, heç kimin xeyrinə olmaz”
Elmar Baxşıyev: “Bu 1 xal bizim üçün dəyərlidir, çünki rəqib iddialı komandadır”.
90plus.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la 2:2 hesablı bərabərlikdən sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
🗣️ “Mübarizəli və dinamik oyun oldu”
Baxşıyev qarşılaşmanın maraqlı alındığını bildirib:
“Oyunun gedişatı dinamik idi, hər iki komanda mübarizə apardı və futbola rəng qatdı. Komandam ilk gündən əzmkarlığı və oyun dəst-xətti ilə istədiklərimizi yerinə yetirməyə çalışır. Bu gün 1 xal qazandıq, amma rəqibin səviyyəsini nəzərə alsaq, bu nəticə qənaətbəxşdir. ‘Sabah’ çox iddialı komandadır, ona görə bu 1 xal sevinc doğurur.”
⚽ “Son dəqiqə qoluna sevinmək futbolda təbiidir”
Baxşıyev ehtiyat skamyasının bərabərlik qoluna çılğın sevinməsini də normal sayıb:
“Son dəqiqədə qol vuran hər bir komanda belə emosional sevinir. Kim bu anda sakit qalırsa, deməli, öz komandasına qarşı səmimi deyil. Bu, futbolun təbii hissəsidir.”
🏟 “Ev sahibi kimi rəqib meydanında oynamaq istənilən məşqçi üçün arzuolunan deyil”
“Araz-Naxçıvan”ın çalışdırıcısı ev oyunlarını “Sabah”ın stadionunda keçirmələrinə də münasibət bildirib:
“Əlbəttə, ev sahibi kimi rəqibin meydanında oynamaq xoş deyil. Amma biz Bakıda məskunlaşmışıq və ‘Bank Respublika Arena’ artıq bizim üçün səfər sayılmır. Ümumiyyətlə, ölkə çempionatında elə bir atmosfer yoxdur ki, ‘səfər’ fərqini hiss edəsən.”
🧑⚖️ “Hakimlər bəzi epizodlarda tempi öldürürlər”
Hakimlərin qərarları ilə bağlı sualı cavablandıran Baxşıyev, oyunun ritminin tez-tez dayanmasından narazılığını ifadə edib:
“Belə templi oyunda bəzi epizodlara 2-3 dəqiqə baxmaq düzgün deyil. Qərarı dərhal vermək lazımdır. Hakim epizoda uzun baxanda oyunun nəbzi düşür. Mən onların üzərinə getmək istəmirəm, amma görünən odur ki, bizə bir qədər fərqli yanaşılır. Komanda olaraq daha güclü olmalıyıq ki, bu cür amillər bizə təsir etməsin.”
⚖️ “Hakimlik haqqında az danışsaq, hamı üçün faydalı olar”
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın “hakim bizdən 3 xalı aldı” fikrinə cavab olaraq isə Baxşıyev belə deyib:
“Ümumi cavab verim: 2-3 komanda var ki, öz iddialarına uyğun açıqlamalar verirlər. Biz də danışa bilərik. Məsələn, ötən tur ‘Neftçi’ ilə oyunda ofsayd epizodunu heç kim görmədi, amma biz səsimizi çıxarmadıq. Əgər hakimlərə bu qədər yüklənsək, bu, heç kimin xeyrinə olmaz. Mən də deyə bilərəm ki, bu gün ‘Sabah’a verilən penalti absurd idi. Üstəlik, Stiv Solvet ikinci sarı vərəqə ilə meydandan qovulmalı idi. Hakimlik barədə nə qədər az danışsaq, bir o qədər faydalı olar.”
Baxşıyev sonda qeyd edib ki, “Araz-Naxçıvan” çətin oyunlara baxmayaraq, hər matçda meydanda öz oyun üslubuna sadiq qalmağa çalışacaq.