"Fiorentina"da qara gün - O vəfat etdi...
“Fiorentina” klubunun prezidenti Rocco B. Kommisso vəfat edib.
90plus.az xəbər verir ki, bir müddətdir xəstəliyi səbəbindən müalicə alan “Fiorentina” klubunun prezidenti Rocco B. Kommissonun həyatını itirdiyi açıqlanıb. İtaliya təmsilçisinin gecə yarısı yaydığı rəsmi bəyanatda acı xəbər ictimaiyyətə çatdırılıb.
Klubun açıqlamasında bildirilib:
“Böyük kədər və dərin ağrı ilə Kommisso ailəsi prezidentimiz Rocco B. Kommissonun vəfat etdiyini elan edir. Uzun sürən müalicə prosesindən sonra sevimli prezidentimiz aramızdan ayrıldı və bu gün hamımız onun itkisini matəm içində anırıq.”
Açıqlamada vurğulanıb ki, Kommisso 7 il əvvəl klubu idarə etməyə başladıqdan sonra “Fiorentina” onun üçün əsl ehtirasa çevrilib. Bu gün klubun evi kimi tanınan və “Viola Park” adlanan baza kompleksində Kommissonun adının əbədi yaşayacağı qeyd olunub.
76 yaşlı, İtaliya əsilli ABŞ vətəndaşı olan tanınmış iş adamı müalicə səbəbindən bir müddətdir ABŞ-da yaşayırdı. Səhhətindəki problemlər üzündən uzun səyahətlər edə bilmədiyi üçün “Fiorentina”nın oyunlarını yerində izləyə bilmirdi.
Mətbuata yayılan məlumatlara görə, Kommisso 2025-ci ilin oktyabr ayında Nyu-York şəhərində bel yırtığı və siyatik xəstəliyi səbəbilə əməliyyat olunmuş, bundan sonra isə Florensiyaya qayıda bilməmişdi.
Kommissonun rəhbərliyi dövründə “Fiorentina” uğurlu nəticələr əldə edib. Komanda 2023 və 2024-cü illərdə UEFA Konfrans Liqasında iki dəfə finala yüksəlib, 2023-cü ildə isə İtaliya Kubokunda final oynayıb.
Vəfat xəbərindən sonra “Fiorentina” azarkeşləri ilə yanaşı, “Napoli”, “Roma”, “Parma”, “Hellas Verona” klubları və İtaliya iş dünyasından bir çox tanınmış şəxs Kommisso ailəsinə başsağlığı mesajları paylaşıb.
© Copyright 2026, All Rights Reserved