Florian Virts “Liverpul”la sazişin başını bağlayır

“Liverpul” klubu “Bayer Leverkuzen”in ulduzu Florian Virtzlə bağlı transferi tamamlamağa çox yaxındır.
90plus.az xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin cümə günü tibbi müayinədən keçəcəyi gözlənilir.
Virtzin həftə sonuna qədər Böyük Britaniyaya gələcəyi və transferin son detalları ilə maraqlanacağı bildirilir. Transfer dəyərinin 136,3 milyon avro (təxminən 116 milyon funt sterlinq) olduğu və bu məbləğin həm “Liverpul” tarixində, həm də İngiltərə futbolunda bonuslarla birlikdə rekord səviyyədə olduğu qeyd olunur.
İlkin mərhələdə “Bayer Leverkuzen” futbolçunun qiymətini 150 milyon avro olaraq müəyyənləşdirmişdi. Lakin “Liverpul”un apardığı danışıqlar nəticəsində tərəflər 117,5 milyon avro ilkin ödəniş və 18,8 milyon avro bonus daxil olmaqla razılığa gəliblər.
Almaniya millisinin üzvü olan Virtzə “Bayern Münhen”dən də maraq var idi. Lakin oyunçunun özü “Liverpul”a keçidə üstünlük verib. O, 2023/24 mövsümündə “Leverkuzen”in Bundesliqada ilk dəfə çempion olmasında əsas pay sahiblərindən biri olub – 18 qol və 20 qol ötürməsi ilə mövsümə damğa vurub.
Virtzin “Liverpul”a keçidi komandanın digər futbolçusu Jeremi Frimponqun da bu yay eyni kluba 35 milyon avroya transfer olunmasından sonra baş tutur.
Yeni mövsümdə “Liverpul”un baş məşqçisi Arne Slot Florian Virtzi heyətə inteqrasiya etməyə çalışacaq. “Leverkuzen” isə sabiq çalışdırıcısı Xabi Alonsonun “Real Madrid”ə keçidindən sonra komandaya Erik ten Haqı baş məşqçi təyin edib.
© Copyright 2025, All Rights Reserved