“Fənərbağça” N’Qolo Kanteni transfer edir
Türkiyənin “Fənərbağça” klubu Fransa millisinin yarımmüdafiəçisi N’Qolo Kantenin transferi ilə bağlı Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə razılıq əldə edib.
90plus.az xəbər verir ki, hazırda 34 yaşı olan və dünya çempionu tituluna sahib Kantenin “Əl-İttihad” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olsa da, futbolçunun durumu bir sıra Avropa klublarının diqqətini cəlb edib.
Məlumata görə, N’Qolo Kante Avropa futboluna qayıtmağa üstünlük verib. Onun əsas məqsədi Fransa millisinin baş məşqçisi Didye Deşam tərəfindən növbəti dünya çempionatı üçün heyətə cəlb olunmaq şansını artırmaqdır. “Fənərbağça” isə təcrübəli yarımmüdafiəçi ilə şəxsi müqavilə şərtlərində qısa müddətdə razılığa gəlib.
L’Equipe yazır ki, bazar günü yekunlaşan razılaşmaya əsasən Kantenin “Əl-İttihad”dakı qalan müqavilə müddətinin dəyəri 4 milyon avro (RMC Sport: 5 milyon avro) olaraq qiymətləndirilib. Transferin bir hissəsi kimi “Fənərbağça”nın hücumçusu Yussef En-Nesirinin “Əl-İttihad”a keçməsi gözlənilir.
N’Qolo Kantenin İstanbul təmsilçisi ilə iki il yarımlıq müqavilə imzalayacağı bildirilir - 2028-ə qədər!
© Copyright 2026, All Rights Reserved