Əfsanəvi futbolçu xəstəxanaya yerləşdirildi

“The Sun”un xəbərinə görə, İngiltərə futbolunun əfsanəsi Qazza ləqəbli Pol Qaskoyn evində huşunu itirərək xəstəxanaya yerləşdirilib.
90plus.az xəbər verir ki, 58 yaşlı sabiq futbolçunu evində yarı huşsuz vəziyyətdə tapan dostu onu dərhal xəstəxanaya çatdırıb. Əvvəlcə reanimasiya şöbəsinə yerləşdirilən Qaskoyn daha sonra kəskin tibbi yardım bölməsinə köçürülüb. Hazırda onun vəziyyətinin stabilləşdiyi bildirilir.
Qaskoynun sürücüsü və şəxsi köməkçisi kimi çalışan Stiv Foster bildirib: “Pol hazırda xəstəxanadadır və bu, onun üçün ən doğru yerdir.”
O, həmçinin əlavə edib ki, Qaskoyn “hazırda onu dəstəkləyən, vəziyyəti ilə maraqlanan və onu əvvəlki formasında görmək istəyən köhnə dostlarına təşəkkürünü bildirir.”
Bu hadisə Qaskoynun üzləşdiyi son çətinliklərin ardınca baş verib. Bu ayın əvvəlində onun media şirkəti də fəaliyyətini dayandırmışdı.
Qaskoynun səhhəti uzun illərdir, narahatlıq doğurur. O, alkoqol asılılığı və psixi sağlamlıq problemləri ilə illərlə mübarizə aparıb.
Bu ilin əvvəlində isə o, The Mirror nəşrinə müsbət sağlamlıq xəbəri verərək belə demişdi:
“İllərdir bu qədər yaxşı hiss etməmişdim. Ümid edirəm ki, yaşadıqlarımı artıq daha müsbət baxış bucağından dəyərləndirə bilirəm. İllərlə ictimaiyyətin gözü önündə olmuşam və düşünürəm ki, artıq insanlar mənim əsl kim olduğumu tanımalıdır.”
Qaskoynun 1998-ci ildə boşandığı həyat yoldaşı Şeril ilə olan evliliyi də ailədaxili zorakılıq ittihamları ilə gündəmə gəlmişdi.
O, 2005-ci ildə “Kettering Town” klubunda cəmi 39 gün baş məşqçi kimi fəaliyyət göstərib. Onun bu postdan tez ayrılmasının əsas səbəbi də alkoqol problemi olmuşdu.
2011-ci ildə isə Qaskoyn 32 min funt sterlinq borcu olsa da, müflis elan olunmaqdan xilas ola bilmişdi.
Qaskoyn ilk dəfə 1998-ci ildə terapiya kurslarına qatılıb, lakin alkoqol asılılığı ilə mübarizəsi zaman-zaman davam edib.
2010-cu ildə sərxoş halda maşın sürməkdə ittiham olunub, bu səbəblə reabilitasiya mərkəzinə göndərilib və 8 həftəlik şərti cəza alıb.
2015-ci ildə isə keçmiş sevgilisini narahat etdiyi və bir fotoqrafı döydüyü üçün ona məhkəmə tərəfindən yaxınlaşma qadağası qoyulmuşdu.
Bütün bu çətinliklərə baxmayaraq, Pol Qaskoyn İngiltərə futbol tarixində unudulmaz fiqur olaraq qalır. O, 1988–1998-ci illər arasında İngiltərə millisində 57 oyun keçirmiş və ölkə futbol tarixinin ən istedadlı oyunçularından biri kimi qəbul edilir.
Karyerası ərzində Qazza “Nyukasl”, “Tottenhem”, “Latsio”, “Reyncers”, “Midlsbro” və “Everton” kimi klublarda çıxış edib.
O, xüsusilə 1990 Dünya Çempionatı və Avro-96-dakı parlaq çıxışı ilə xatırlanır.