Fuente: “Burada favorit yoxdur”
Luis de la Fuente: “Son dördlükdəyik, burada favorit yoxdur”.
90plus.az xəbər verir ki, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının yarımfinalında Fransa ilə qarşılaşma ərəfəsində komandasına olan inamını və qürur hissini ifadə edib.
“Final dördlükdəyik. Rəqibimiz Avropa çempionudur. Burada favorit yoxdur. Bu, dörd oyun, dörd final deməkdir. Almaniya – Portuqaliya qarşılaşması rahatlıqla Avropa çempionatının və ya dünya çempionatının finalı ola bilər. Belə komandalar arasında favorit seçmək çətindir. Hər kəs qalib gələ bilər.”
Fransanın müdafiə xəttindəki itkilər barədə danışan ispaniyalı mütəxəssis rəqibin potensialını yüksək qiymətləndirib:
“Onların heyəti möhtəşəmdir. Üç-dörd fərqli milli komanda qura bilərlər. Bəli, zədəliləri var, bizim də var. Amma hər iki tərəf bu səviyyəyə layiq başqa oyunçularla əvəzləmə gücünə malikdir.”
Komandasının oyun fəlsəfəsini açıqlayıb: “Biz gücümüzü komanda oyununda göstərə bilərik – həm müdafiədə, həm hücumda. Uyğunluq, bir-birimizi tamamlamalı, mübarizə aparmalı, aqressiv oynamalıyıq. Bu, bizim fəlsəfəmizdir. Biz təşəbbüskar olmaq istəyirik. Onsuz da artıq rəqib Pedri, Olmo və digərlərini necə dayandıracağını düşünməlidir. Bu turnirə dörd super komanda qatılıb və hər oyun yüksək keyfiyyət və temp vəd edir.”
Komandanın daxili motivasiyası barədə: “Biz həm məşqlərdə, həm oyunlarda rəqabət aparmağı sevirik. Bu qədər həvəsli və öz işinə bağlı bir komandanın başında olmaq mənim üçün böyük qürurdur. Mövsüm boyu işim gərgin keçir, amma ən böyük çatışmazlıq odur ki, bu oyunçularla hər gün işləyə bilmirəm. Onlar layihəmizə çox bağlıdır və mənim işim onlardakı təbii olan acgözlüyü və qüruru canlı saxlamaqdır.”
UEFA-ya verdiyi açıqlama: “Ardıcıl üç yayda üç turnir qazanmaq ideyası, əlbəttə ki, böyük motivasiyadır. Lakin bizim əsas üstünlüyümüz daima inkişaf etməyə çalışan bir kollektiv olmamızdır. Belə bir komandaya rəhbərlik etmək mənə sevinc və qürur verir. Yarımfinaldayıq və bu səviyyəli turnirin finalına çıxmaq fürsəti əldə etmişik.”
Almaniyaya dönüş barədə də fikirlərini bölüşən de la Fuente bildirib: “Bura qayıtmaq bizi sevindirir. Burada keçirdiyimiz 45 günü unuda bilmərik – möhtəşəm idi. Biz çempion olduq. Alman azarkeşlərinə böyük hörmətimiz var. Bu turnirdə iştirak etmək və final dördlüyün bir hissəsi olmaq bizim üçün qürurvericidir.”
Mərkəz müdafiəçiləri ilə bağlı qərarına toxunan de la Fuente bildirib: “Dörd fərqli profildə və xüsusiyyətdə mərkəz müdafiəçimiz var. Sualdan yayınmıram, sadəcə izah etmək istəyirəm ki, heyət qurarkən bütün mümkün senariləri düşünür və buna uyğun oyunçuları seçirsiniz. Oyunçularımın hamısı bir-biri ilə uyğunlaşa bilir.”
Yarımmüdafiəçi Fabian Ruiz barədə:“Təsəvvür edə bilərsiniz ki, çox sevinclidir. Oyun üçün tam hazır vəziyyətdədir. Bayram etməyə vaxtı da oldu və indi tam şəkildə oyuna köklənib.”
Sonda isə İspaniya futbolunun gələcəyinə inamını vurğulayıb: “Mən tam sakitlik və inam içindəyəm. Bu futbolçular bizə təkcə sabah yox, gələcəkdə də çox sevinclər yaşadacaqlar. Çünki onlar təkcə İspaniya yox, dünya futbolunun da parlaq gələcəyidir.”
Qeyd: Fransa və İspaniya bu axşam saat 23:00-da Ştutqartda MPHArenada qarşılaşacaq və qalib tərəf Portuqaliya ilə finalda üz-üzə gələcək.