Gənc tennisçini məşqçisi "yıxdı sürüdü"
İspaniyalı tennisçi Karlos Alkaraz karyerasının ən çətin dövrlərindən birini yaşayır.
90plus.az xəbər verir ki, dünyanın bir nömrəli tennisçisi Yannık Sinnerin zədə səbəbilə kortlardan uzaq qalmasına baxmayaraq Alkaraz bu fürsətdən yararlana bilmədi. Onun qeyri-sabit çıxışı və mental cəhətdən yaşadığı eniş, ispaniyalı tennisçini zirvədən uzaqlaşdırdı.
Alkarazın keçmiş məşqçisi Kiko Navarro gənc tennisçinin yaşadığı çətinlikləri İtaliyanın "Korriere dello Sport" nəşrinə dəyərləndirib.
Navarro Alkarazın uşaqlıqdan diqqətsizlik problemi yaşadığını bildirərək, "Kiçik yaşlarında tez-tez raketkalarını və ya su şüşələrini unudurdu. Hətta matç zamanı oyundan qopa bilirdi. Zamanla inkişaf etdi, lakin bu problemi tam həll edə bilmədi. Daha yetkinləşməsi və ayaqlarını yerə daha möhkəm basmağı lazımdır" – deyə qeyd edib.
Navarro həmçinin Alkarazın köklərinə bağlı qalmasının vacibliyini vurğulayıb: "Uğur qazandıqda ətrafında sənə aid olmayan insanlar peyda olur. Buna görə ailəsinə və əsl dostlarına yaxın qalmalıdır".
Gənc tennisçinin formadakı enişi təkcə Sinneri keçməsini deyil, hətta dünyanın ikinci nömrəsi Aleksandr Zverevi yaxalamasını belə çətinləşdirir. Alkarazın bu böhrandan necə çıxacağı isə böyük maraq doğurur.
© Copyright 2025, All Rights Reserved